Yuxuda dəhşətli görüntülərlə qocalma arasındakı gizli əlaqə...

MARAQLI
20:58 / 25.06.2025
163

Yeni bir tədqiqat, tez-tez kabus görməyin təkcə yuxunun keyfiyyətinə təsir etməklə kifayətlənmədiyini, həm də bioloji qocalmanı sürətləndirə biləcəyini aşkar edib. Uzunmüddətli sağlamlıq məlumatlarına əsaslanan bu araşdırma, kabusların ölüm halları və qocalma üzərindəki təsirlərini öyrənib.

HİT.az xəbər verir ki, gecə boyu görülən kabuslar, yuxunun keyfiyyətini pozan və çoxları üçün çətinlik yaradan bir problem olmaqdan kənar olaraq, bədəndə daha dərin təsirlər yarada bilər. Birləşmiş Krallıq Demans Tədqiqat İnstitutu və Imperial College London-dan alimlər, kabusların bioloji qocalma üzərindəki təsirlərini araşdıran əhəmiyyətli bir tədqiqat həyata keçiriblər.

183.012 böyük (26-86 yaş arası) və 2.429 uşaqda (8-10 yaş arası) aparılan bu tədqiqat, altı uzunmüddətli sağlamlıq araşdırmasından əldə edilən məlumatları əhatə edir. Araşdırma müddətində böyüklər kabus görə bilmə tezliklərini qeyd ediblər və bu şəxslər 19 il müddətində izlənilib. Uşaqlar üçün isə valideynlər övladlarının kabus görmə tezliyi barədə məlumat təqdim ediblər.

Bu hərtərəfli araşdırmada alimlər bioloji qocalmanı ölçmək üçün müxtəlif üsullardan istifadə ediblər. Uşaqlar üçün hüceyrələrin qocalma sürətini göstərən telomer uzunluqlarından istifadə edilib. Böyüklərdə isə həm telomer uzunluqları, həm də epigenetik saatlar vasitəsilə bədənin ümumi qocalma sürəti qiymətləndirilib. 23 İyun 2025-ci ildə Avropa Nevrologiya Akademiyasının Konqresində təqdim edilən nəticələr, kabusların bioloji qocalma ilə bağlı olduğunu aşkara çıxarır.

Araşdırmalar, həftədə bir dəfə və ya daha çox kabus görmüş şəxslərin, nadir hallarda və ya heç kabus görməyənlərlə müqayisədə 70 yaşına çatmamış ölüm riski ilə üzləşdiyini göstərib. Bu şəxslərdə ölüm halları üç dəfə çox olub. Ayda bir kabus görmüş şəxslər belə daha sürətli qocalma və artmış ölüm halları ilə qarşılaşırlar. Araşdırmalar, həftədə bir və ya daha çox kabus görmüş şəxslərdə, siqaret çəkmək, piylənmə, pis qidalanma və aşağı fiziki fəaliyyət kimi digər məlum risk amillərinə nisbətən daha güclü ölüm riski əlaqəsi olduğunu müəyyən edib. Bundan əlavə, həm uşaqlarda, həm də böyüklərdə tez-tez kabus görmüş şəxslərdə müşahidə edilən artmış ölüm riski, təxminən 40% daha sürətli bioloji qocalma ilə əlaqələndirilir.

Yuxunun keyfiyyəti və qocalma arasındakı əlaqə əvvəlki bir çox tədqiqatda öyrənilib. Lakin görünür ki, kabuslar bu tənliyə mühüm bir amil kimi daxil olur. Yuxunun keyfiyyəti ilə yanaşı ümumi sağlamlıq üçün də təyinedici bir amil olan kabuslar, həm yuxu rejiminə, həm də fiziki sağlamlığa mənfi təsir göstərə bilər. Bu qarşılıqlı təsir olduqca mürəkkəb olsa da, kabusların kəsik-kəsik yuxunu təşviq edərək sağlamlığı pozduğu aydındır. Eyni zamanda müşahidə edilir ki, bəzi sağlamlıq problemləri də kabusların daha tez-tez görülməsinə səbəb olur. Yəni, kabuslarla pozulan yuxu, bədənin istirahət və bərpa proseslərinə mənfi təsir göstərirək bioloji qocalmanı sürətləndirə bilər.

Beyin yuxu zamanı reallıq və yuxunu ayırd etməkdə çətinlik çəkdiyi üçün kabusların fiziki reaksiyalar yaratması qaçılmazdır. Ürək döyüntüsünün artması, nəfəsin sürətlənməsi kimi bədənin verdiyi stress reaksiyaları, kabuslardan ayıldıqdan sonra şəxs üzərində böyük təsir buraxır. Hətta ayıldığımız zaman yaşadığımız bu stress, gündəlik həyatımızdakı təcrübələrdən daha güclü ola bilər. Kabusların yuxunun keyfiyyəti və müddəti üzərindəki təsirləri də bədənimizin gecə boyu həyata keçirdiyi bərpa proseslərini zəiflədə bilər.

Bu tapıntılar ictimai sağlamlıq baxımından əhəmiyyətli nəticələr doğura bilər. Kabusların müalicəsi və qarşısının alınması, sağlamlığı yaxşılaşdırmaq və bioloji qocalmanı ləngitmək üçün effektiv, aşağı xərcli bir üsul ola bilər. Yaxşı yuxu gigiyenasına əməl etmək, stressi idarə etmək və narahatlıq (anksiyete) və ya depressiya müalicəsi almaq kabusları azaltmağa kömək edə bilər. Kabusların qocalma və beyin sağlamlığı üzərindəki təsirləri barədə daha çox araşdırma aparılması bu sahədə daha dəqiq həll yollarının işlənib hazırlanmasına şərait yaradacaqdır.

Samir

0