Alimlərin yeni kəşfi dinozavrların hərəkət sürəti haqqında anlayışı dəyişdi

MARAQLI
23:35 / 30.06.2025
49

Qədim heyvanların izləri onların hərəkət sürətini qiymətləndirmək üçün geniş istifadə edilsə də, yeni tədqiqat belə hesablamaların dəqiqliyini şübhə altına alır. 

HİT.az xəbər verir ki, "Interesting Engineering"in məlumatına görə, alimlərin nəticələrinə əsasən, dinozavrlar əvvəllər düşünüləndən xeyli yavaş ola biləriblər.

Əvvəllər velosiraptor kimi dinozavrların 64 km/saat sürətə çata bilən yırtıcılar olduğu düşünülürdü. Bu fikir əsasən qədim izlərə əsaslanırdı ki, onların təhlili üçün 1976-cı ildən bəri alim R. Maknil Aleksandr tərəfindən hazırlanmış düstur tətbiq edilirdi. Bu düstur addım uzunluğunu, bud hündürlüyünü və müasir məməlilər üzərində aparılan araşdırmalardan çıxarılan miqyaslaşdırma əmsalını nəzərə alırdı.

Lakin Böyük Britaniyalı alimlərin yeni tədqiqatı "sürətli dinozavrlar" nəzəriyyəsini təkzib edir.

Paleontoloqlar dinozavrların davranışını təhlil etmək üçün uzun müddətdir qədim izlərə etibar etsələr də, Aleksandrın düsturu məməli məlumatları əsasında yaradılmışdı. Bu düsturun dinozavrların birbaşa nəsilləri olan quşlar üzərində doğrulanması isə demək olar ki, heç vaxt aparılmayıb.

Komanda bir çox teropod dinozavrlar kimi iki ayaq üstündə hərəkət edən və bədən quruluşu kiçik dinozavrlarınkına bənzəyən Afrika toyuğunu (Numida meleagris) model orqanizm kimi götürüb. Alimlər müxtəlif növ palçıqlarda gəzən və qaçan Afrika toyuqlarını yüksək sürətli kameralarla lentə alıblar. Sonra bu izləri rəqəmsallaşdıraraq eyni Aleksandr düsturunu tətbiq ediblər.

Nəticələr gözlənilməz olub: düstur Afrika toyuqlarının hərəkət sürətini sistematik şəkildə şişirdir. Məsələn, quş cəmi 1 km/saat sürətlə hərəkət edərkən, düstura görə onun sürəti 4.7 km/saat kimi hesablanır.

Əsas problem torpaq növündədir. İzlər yalnız palçıq kimi yumşaq səthlərdə formalaşır, Aleksandrın düsturu isə quru, sərt torpaq və ya hətta yarış yolunda yaradılmışdı. Palçıq izləri uzadır, addım uzunluğunu artırır və bununla da daha sürətli hərəkət illüziyası yaradır. Bu o deməkdir ki, palçıqda yavaş-yavaş gəzən dinozavr səhvən ovunu qovalayan yırtıcı kimi tanına bilər.

Lakin bu tədqiqat dinozavrların heç vaxt qaçmadığı mənasını vermir. O, sadəcə izlər əsasında edilən sürət qiymətləndirmələrinin qeyri-dəqiq və yanıldıcı ola biləcəyini göstərir.

Tədqiqatda qeyd olunur: "İzlər dinozavrların davranışı haqqında müəyyən təsəvvür versə də, onları dəqiq sürət hesablamaları üçün istifadə etmək hazırda etibarsızdır".

Samir

0