Yura dövründə indiki Kolorado düzənliklərində yaşamış, orta ölçülü it böyüklüyündə sirli dinozavr alimlərə bütün dövrə yeni nəzərlə baxmağa imkan verib.
HİT.az "Live Science" jurnalına istinadən xəbər verir ki, Enigmacursor mollyborthwickae kimi təsnif edilən dinozavr təxminən 1 metr hündürlüyündə olub. Onun skeleti 2021-2022-ci illərdə Koloradoda aparılan qazıntılar zamanı tapılıb.
Skeleti London Təbii Tarix Muzeyi satın alıb. Qalıqları öyrənən alimlər Nanosaurus dinozavrlarının təsnifatına yeni yanaşıb və Enigmacursor adlı yeni dinozavr qrupu yaradıb. Cinsin adı "sirr" mənasını verən "enigma" (elmi təsnifatı ilə bağlı qeyri-müəyyənliklərə istinad) və latınca "qaçan" demək olan "cursor" sözlərindən formalaşdırılıb.
25 iyun tarixində "Royal Society Open Science" jurnalında dərc edilən araşdırma vurğulayır ki, alimlərin Morrison formasiyasının kiçik dinozavrları haqqında öyrənməli olduğu çox şey var.
"Morrison formasiyası yaxşı öyrənilib. Lakin uzun müddət orada diqqət ən böyük və heyranedicə dinozavrların axtarışına yönəldilib. Kiçik dinozavrlar çox vaxt diqqətdən kənarda qalıb, bu da o deməkdir ki, onların çoxu ehtimal hələ də torpaq altındadır", deyə araşdırmanın həmmüəllifi, London Təbii Tarix Muzeyinin baş elmi işçisi Suzanna Meydment muzey məqaləsində açıqlayıb.
Skeleti öyrənən alimlər bu növün təkamülünü aydınlaşdıra və əvvəl öyrənilməmiş kiçik dinozavrların müxtəlifliyi haqqında əlavə məlumat əldə edə bildilər.
Samir