Saturnun halqaları niyə unikaldır və tezliklə yox olacaq? - Maraqlı kəşf

MARAQLI
21:38 / 30.06.2025
45

Günəş sistemində ölçüsünə görə ikinci planet olan Saturn həm də görkəmli və nəzərəçarpan halqaları ilə fəxr edə bilər. Onlara ilk dəfə Qalileo Qaliley 1610-cu ildə ibtidai teleskopla müşahidə zamanı diqqət yetirmişdi. O, planetin yanında "qulaq" bənzəri nəsə görüb.

HİT.az xəbər verir ki, 45 il sonra astronom Xristian Hüygens obyekti daha aydın müşahidə edərək onları "nazik düz disk" adlandırıb. Halqaları aydın görüb düzgün qiymətləndirmək isə ancaq 19-cu əsrdən mümkün olub.

Alimlər nəticəyə gəlib ki, bu, çoxlu kiçik hissəciklərdən ibarət bir neçə halqadır. Eyni zamanda daxili halqalardakı hissəciklər xaricilərə nisbətən daha sürətli hərəkət edir.

2004-2017-ci illərdə "Kassini" avtomatik planetlərarası stansiyası Saturn halqalarını geniş şəkildə öyrənib. Yüz minlərlə şəkil çəkilib və halqaların tərkibi haqqında məlumat toplanıb. Məlum olub ki, onların 99%-i buzdan ibarətdir. Qalanı isə silikatlar, toz və müxtəlif çirklərdir.

Eyni zamanda hissəciklərin ölçüsü çox müxtəlifdir: həm mikroskopik toz zərrəcikləri, həm də çoxmərtəbəli bina ölçüsündə buz parçaları var. Halqaların eni yüz minlərlə kilometr olsa da, qalınlığı cəmi bir neçə on metrdir.

Halqalar necə yaranıb?

Ən populyar nəzəriyyəyə görə, halqalar Saturnun peykinin parçalanması nəticəsində yaranıb. "Xrizalis" adlandırılan peyk planetə yaxınlaşdıqda qravitasiya qüvvəsi ilə parçalanıb. Alimlər hesab edir ki, Saturn peykin nüvəsini udub, qalan hissəsi isə halqalara çevrilib. Bu kosmik hadisə dinozavrlar dövründə baş verib.

Digər versiyaya görə, halqalar Saturnun və onun peyklərinin tərkibinə daxil olmayan buz və toz qalıqlarından yaranıb. Lakin bu halda onlar təmiz buz deyil, toz və meteoritlərlə çirklənmiş olardı.

Saturnun halqaları nə vaxt yox olacaq?

Halqaların yox olması prosesi artıq başlayıb. Məlum olub ki, halqalardakı buz tozu planetin maqnit sahəsi ilə birlikdə dönən yüklü hissəciklər tərəfindən "əsilir". Nəticədə toz atmosferdə çökür, halqalar isə nazikləşir. Bəzi alimlərin fikrincə, 100 milyon il sonra Saturn özünün məşhur halqalarını itirə bilər.

Qeyd edək ki, Neptun, Uran və Yupiterin də halqaları var, lakin Saturnun halqaları tərkibindəki ən təmiz buz sayəsində parlaq şəkildə işıldayır. Digərlərində isə halqalar qaya və tünd rəngli tozdan ibarətdir.

Samir

0