Kondisioner neçə saat fasiləsiz çalışa bilər?

MARAQLI
13:43 / 01.07.2025
89

Yay aylarının vazkeçilməzlərindən biri də kondisionerdir.

Bu isti havaları onsuz təsəvvür etmək mümkün deyil. Lakin kondisionerin də bir çox fəsadları var. Hərçənd ki, biz bu gün onun sağlamlığa ziyanlarını deyil, yarada biləcəyi digər təhlükələrdən danışacağıq. 

Maraqlıdır, kondisioneri uzun müddət fasiləsiz işlətmək yanğın təhlükəsinə səbəb ola bilər? 

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlama verib. O bildirib ki, burada əsas məsələ kondisioneri neçə saat cərəyanda fasiləsiz saxlamaq deyil:

376808

"Nəzərə almaq lazımdır ki, hər bir firma istehsal etdiyi avadanlığa texniki şərtlər verir. Hansı şərtlər daxilində bunu istifadə etmək lazım olduğu da orada göstərilir. 

Yəni kondisionerin neçə saat fasiləsiz olaraq çalışması istehsalçı firmaya görə dəyişə bilir. Kondisionerlərin böyük əksəriyyəti uzun müddət fasiləsiz olaraq işləyir. Burada heç bir problem yoxdur".

Mütəxəssis qeyd edib ki, əsas məsələ kondisionerin qoşulduğu elektrik şəbəkəsinin saz vəziyyətdə olmasıdır:

"İlk növbədə elektrik şəbəkəsinin yükgötürmə qabiliyyəti nəzərə alınmalıdır. Təbii ki, kondisioner nasaz vəziyyətdə olan elektrik şəbəkəsinə qoşulsa və yaxud da elektrik şəbəkəsi o elektrik yük tutumuna cavab verməzsə, problem yarana bilər. 

Ümumiyyətlə, kondisioner, televizor, paltaryuyan maşın kimi elektrik avadanlıqlarını eyni yerə qoşmaq doğru deyil. Bu, həddindən artıq yüklənməyə gətirib çıxarır. Təbii ki, bunlar hamısı eyni anda çalışarsa, elektrik şəbəkəsi o yük tutumuna cavab verməz. Bundan əlavə, keyfiyyətsiz elektrik naqillərindən istifadə olunmamalıdır".

Elmar Nurəliyev sözlərini belə yekunlaşdırıb:

"Belə olan halda yaranan nasazlığı kustar üsulla aradan qaldırmaq da həll deyil. Bu, qızma, qısaqapanma, alışma və yanğına gətirib çıxara bilər. Onu da xüsusilə qeyd edim ki, ev və yaxud hansısa bir obyekt tərk olunursa, mütləq şəkildə bütün elektrik avadanlıqlarını cərəyandan ayırmaq lazımdır. Çünki elektrik şəbəkəsini nəzarətsiz buraxmaq olmaz. Bu, təhlükəsizlik baxımından yolverilməzdir".

Pərviz

0