"Yemiş alarkən də diqqət edilməli bir çox məqam var".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O, yemiş alarkən nələrə diqqət edilməli olduğundan bəhs edib:
"İlk növbədə, bütün meyvə və giləmeyvələrdə olduğu kimi yemişi də mövsümündə yemək daha faydalı olar. Nəzərə almaq lazımdır ki, qarpız kimi yemiş də süni yetişdirilərək vaxtından əvvəl satışa çıxarılır. Bu zaman insan sağlamlığına zərərli olan müxtəlif kimyəvi dərmanlardan istifadə olunur".
Ekspert qeyd edib ki, yemişin özünəxas xüsusiyyətləri var:
"Yemiş alarkən onun rənginə fikir verməliyik. Təbii yemişin rəngi azacıq sarımtıl, üzəri isə sanki torvari naxışlı olur. Üstəlik, çox parlaq olmalıdır. Yemişin özünəxas şirinliyi ilə yanaşı, spesifik qoxusunun olduğunu unutmamalıyıq".
Mütəxəssis bildirib ki, təbii şirin yemişi yeyərkən sanki dilin ucunda kiçicik bir yanma hiss olunur:
"Bu, onun təbii olduğunu göstərən əlamətlərdən biridir. Bütün bunlara cavab verən yemişi qəbul etmək insan sağlamlığı üçün olduqca faydalıdır. Əslində, süni və təbii yemiş arasındakı ən böyük fərq qorxudur. Çünki süni yemişdə demək olar ki, onun özünəxas qoxusu olmur. Hərçənd ki, təbii yemişin ətri ətrafa yayılmalıdır. Bəzi süni yemişlər şirin olsa da, sanki plastik qoxusu verir".
Ancaq İlkin Şirinov onu da əlavə edib ki, yemişin zərərləri də ola bilər:
"O çox şirin olduğu üçün şəkərli diabet xəstələri diqqətli olmalıdırlar. Həmçinin, təyziqi olan insanlara çox yemiş yemək tövsiyə olunmur".
Pərviz