Təyyarələrdə verilməsi qadağandır: Dünyanın ən pis iyli yeməyi

MARAQLI
19:30 / 07.07.2025
56

Dünyanın ən kəskin və narahatedici iyinə malik qidalardan biri sayılan İsveçin fermente siyənək balığı Surströmming həm tarixi kökləri, həm də unikal hazırlanma üsulu ilə diqqət çəkir. 

HİT.az xəbər verir ki, XVI əsrdən bəri Şimali İsveç mətbəxinin ayrılmaz hissəsi olan bu ənənəvi yemək, iyi səbəbilə bir çox aviaşirkət tərəfindən daşınması qadağan edilən fərqli bir dad kimi tanınır.

Sosial mediada tez-tez görülən ekstrem qida çəlləngləri arasında seçilən İsveçin ənənəvi fermente balığı Surströmming, "dünyanın ən pis iyli qidası" hesab olunur. XVI əsrdən bəri Şimali İsveçdə istehlak edilən Surströmming, kiçik Baltik siyənək balıqlarının duzlu suda (salamurada) fermentasiyaya məruz qoyulması ilə hazırlanır. Bu proses balıqların qabda şişməsinə və kəskin iy yaymasına səbəb olur.

Surströmmingin iyi, İslandiyanın fermente köpək balığı yeməyi Hákarl və ya Asiyanın məşhur durian meyvəsindən daha ağır təsvir edilir. Buna görə də Air France, British Airways, Finnair və KLM kimi bir çox aviaşirkət Surströmmingin təyyarələrdə daşınmasını qadağan edib.

Londonda İsveç mətbəxi məhsulları satan "Scandi Kitchen" mağazasından alınan 400 qramlıq qablarda satılan Surströmming xüsusi soyuq şəraitdə saxlanılır. Üzərində "İy olduqca güclüdür, adətən 'dünyanın ən pis iyi' adlandırılır; lakin dadı yaxşıdır" qeydi vardır. Lakin sınayanların böyük hissəsi iyin dözülməz olduğunu və dadının gözləntiləri doğrultmadığını bildirir.

Surströmming qabı açılanda kəskin maye fışqırır və yayılan iy çürümüş balıq, yuyulmamış bədən hissələri və dəniz yosunu qarışığına bənzədilir. İy elə güclüdür ki, açıldığı məkanda günlərlə qala bilər. İsveçlilər ənənəvi olaraq Surströmmingi qaynadılmış kartof, qırmızı soğan, xırda lavaş və südlə servis edirlər; lakin bu qarışıq belə yeməyin dadını yumşaltmağa çatmur.

Bəzi istehlakçılar Surströmming sınağından sonra baş ağrısı, ürəkbulanma, titrək kimi qida zəhərlənməsinə bənzər simptomlar yaşadıqlarını bildiriblər. Mütəxəssislər fermente balıq məhsullarının xüsusilə bakterial inkişafa açıq olduğunu və istehlak edərkən ehtiyatlı olmaq lazım gəldiyini vurğulayır.

2015-ci ildə isə İsveçin paytaxtı Stokholmda fermente balıq iyi, bir binada qaz sızması şübhəsi ilə yanğınsöndürənləri hərəkətə gətirmişdi. Aparılan yoxlamada pis iy mənbəyinin Surströmming partisi təşkil edən sakinlər olduğu aşkar edilmişdi.

Əsrlərdir İsveç mədəniyyətinin bir parçası olan Surströmming, güclü iyi və qeyri-adi dadı ilə dünyada həm maraq, həm də qorxu ilə xatırlanan bir dad kimi varlığını davam etdirir.

Samir

0