Yumurta harda saxlanmalıdır? - Avropa və ABŞ fərqli düşünür, amma cavab elmdir

MARAQLI
20:39 / 08.07.2025
44

Yumurtaların soyuducuda saxlanılıb-saxlanılmaması ilə bağlı sual uzun illərdir internetdə saysız-hesabsız müzakirələrin, məqalələrin və videoların mövzusudur. Ən maraqlısı odur ki, bu məsələ qitələr arasında xeyli fikir ayrılığı yaradıb. Məsələn, avropalılar yumurtaların soyuducuda saxlanmasının vacib olmadığını düşünürlər, halbuki amerikalılar bu yolla salmonella infeksiyasının qarşısının alındığına inanırlar. 

HİT.az xəbər verir ki. "Popular Science" nəşrinin yazdığına görə, elm bu məsələdə daha dəqiq mövqe tutur.

Yumurta qabığının qoruyucu quruluşu

Toyuq yumurtanı yumurtladığı anda onun səthi təbii qoruyucu qat – "kutikula" ilə örtülür. Bu nazik təbəqə əsasən qlikoproteinlərdən ibarətdir, tərkibində az miqdarda karbohidratlar və yağlar da mövcuddur. Kutikulanın funksiyası yumurtanın birinci müdafiə xətti kimi çıxış etmək və qabıqdan bakteriyaların keçməsinin qarşısını almaqdır. Bu qatın qalınlığı toyuğun yaşı və cinsindən asılı olaraq dəyişir.

Yumurtanın yuyulması bu qoruyucunu məhv edir

1970-ci illərdən etibarən ABŞ-da qida infeksiyaları ilə bağlı narahatlıqlar yumurtaların standart şəkildə yuyulmasına səbəb olub. Bu yanaşma Kanada, Yaponiya və Skandinaviya ölkələrində də qəbul edilsə də, Avropanın böyük hissəsində tətbiq olunmur.

Qida texnologiyası üzrə fəlsəfə doktoru Brayan Kuok Le qeyd edir ki, yumurtanın yuyulması qabığın üzərindəki torpaq və nəcis qalıqlarının yeməyə keçməsinin qarşısını alır. Ancaq bu zaman kutikula təbəqəsi də yuyulub gedir və yumurta bakteriyalara qarşı müdafiəsiz qalır. Belə hallarda yumurtalar mütləq soyuducuda saxlanmalıdır, çünki soyuq mühit mikroorqanizmlərin çoxalmasını xeyli ləngidir.

Yuyulmamış yumurtaları otaq temperaturunda saxlamaq olarmı?

Teorik baxımdan, kutikulalı, yəni yuyulmamış yumurtalar otaq temperaturunda bir neçə həftə ərzində təhlükəsiz qala bilər. Lakin Brayan Kuok Le-nin sözlərinə görə, bu zaman da risk tam istisna edilmir. Çünki kutikula görünməsə belə, zədələnmiş ola bilər və bu halda salmonella kimi bakteriyalar yumurtanın içinə keçə bilər.

ABŞ Milli Quşçuluq Araşdırma Mərkəzinin rəhbəri və sahə üzrə doktor Deyna Cons isə istər yuyulmuş, istərsə də yuyulmamış yumurtaların soyuducuda saxlanmasını tövsiyə edir. Onun sözlərinə görə, “salmonella və digər patogenlər +7°C-dən aşağı temperaturda zəif inkişaf edir”. Bu baxımdan, soyuducu həm gigiyena, həm də təhlükəsizlik baxımından daha etibarlıdır.

ABŞ Qida və Dərman Administrasiyası (FDA) da yumurtaların orijinal qablaşdırmasında +4°C və ya daha aşağı temperaturda, təmiz soyuducuda saxlanmasını tövsiyə edir.

Soyuducuda saxlama yumurtanın keyfiyyətinə təsir edirmi?

Bəzi insanlar soyuducuda saxlanmanın yumurtanın dadına və keyfiyyətinə mənfi təsir edəcəyini düşünsə də, aparılmış elmi tədqiqatlar bunun əksini göstərir. Deyna Cons və həmkarlarının apardığı araşdırmalara əsasən, soyuducu yumurtanın təravətini qoruyur. Məsələn, 15 həftə soyuducuda saxlanılmış yumurtaların sarısı, otaq temperaturunda bir gün qalmış yumurtalardan daha keyfiyyətli olub.

Biçmiş yumurtalarla bağlı isə FDA tövsiyə edir ki, istər qabıqlı, istərsə də təmizlənmiş qaynadılmış yumurtalar bişirildikdən sonra 1 həftə ərzində istehlak edilməlidir. Yumurtalı yeməklər isə soyuducuda saxlanmalı və 3–4 gün ərzində yeyilməlidir.

Samir

0