Erie gölündə fəaliyyət göstərən tədqiqat gəmisində aşkar edilən yapışqan maddə əvvəlcə adi qres qalığı zənn edilib. Lakin aparılan təhlillər bu maddənin məlum heç bir canlıya bənzəməyən tamamilə yeni bir orqanizm daşıdığını üzə çıxarıb.
HİT.az xəbər verir ki, ABŞ-nin Böyük Göllər regionunda adi bir gəmi texniki qulluğu elm dünyasını heyrətləndirən kəşfə çevrilib. Klivlenddəki gəmi tərsanəsində təmirdə olan tədqiqat gəmisinin sükan şaftında aşkar edilən qəribə yapışqan maddə alimləri tamamilə yeni bir həyat formasına gətirib çıxarıb.
Keçən ilin sentyabr ayında Böyük Göllərin ən iri akademik tədqiqat gəmilərindən biri olan "Blue Heron" (Mavi Vağ) Erie gölündən çıxarılıb təmir üçün Böyük Göllər Tərsanəsinə gətirilib. Əsas məqsəd səs-küy salan pərvanə şaftını təmir etmək olub. Lakin texniki baxış zamanı texniklər sükan şaftından sızan tünd rəngli, yapışqan bir maddə ilə qarşılaşıb. Əvvəlcə adi qres qalığı sanılan bu maddə daha sonra elmi tədqiqatın obyektinə çevrilib.
Vəziyyəti fərq edən Böyük Göllər Rəsədxanasının Dəniz Əməliyyatları Meneceri Duq Riketts nümunələri Minnesota Universitetinin Dülut şəhərindəki mütəxəssislərə ötürüb. Tədqiqatı aparan mikrobioloq Kodi Şeyk və komandası əvvəlcə əhəmiyyətli bir şey tapacaqlarını düşünməyib. Lakin mikroskopik müayinə və DNA analizləri nəticəsində ortaya tamamilə fərqli bir mənzərə çıxıb: Bu maddə indiyə qədər heç bir bioloji verilənlər bazasında qeydə alınmamış, tamamilə yeni bir mikroorqanizmi saxlayır.
Alimlər kəşf etdikləri bu canlıya müvəqqəti olaraq "ŞipQu001" adını veriblər. Daha maraqlısı isə bu mikrobun oksigensiz mühitdə çoxalmasıdır. Görünür, sükan şaftındakı qres yağı bu canlı üçün xüsusi yaşayış mühiti yaradıb. Lakin gəmi daim oksigenli sularda hərəkət edir və 2021-ci ildə aparılan oxşar təmirdə belə bir iz tapılmayıb. Bu da orqanizmin nə vaxt və necə ortaya çıxdığı sualını gündəmə gətirir.
Tədqiqat komandası bu yeni həyat formasının quruluşca neft quyularında və ya təbii asfalt gölməçələrində rast gəlinən bəzi tək hüceyrəli canlılara bənzədiyini bildirir. Kodi Şeykin qiymətləndirməsinə görə, bu orqanizm sükan şaftında uzun müddət hərəkətsiz qalmış ola bilər. Ətraf mühit şəraiti əlverişli olduqda isə aktivləşərək inkişaf etməyə başlayıb.
Bundan əlavə, bu mikrobun metal səthlərdə korroziyaya səbəb olma ehtimalı da araşdırılır. Bu dənizçilik və mühəndislik baxımından əhəmiyyətli nəticələr doğura bilər.
Hələlik "ŞipQu001" haqqında çox məlumat yoxdur. Lakin tədqiqatlar dərinləşdikcə bu orqanizmin genetik quruluşu ictimaiyyətlə bölüşüləcək və elmi nəşrlərdə ətraflı elan ediləcək.
Samir