Marsın quraq hesab edilən bölgəsində 16 min km-lik çay yatağı tapıldı

MARAQLI
22:36 / 11.07.2025
53

Uzun müddət quraq olduğu düşünülən Marsın Noachis Terra bölgəsində yüksək həlledici uydu görüntüləri ilə geniş su yollarının geoloji izləri kəşf edildi. Bu tapıntı Marsın keçmişdə düşünüləndən daha rütubətli ola biləcəyini göstərir.

HİT.az xəbər verir ki, alimlər Marsın cənub yarımkürəsində uzun müddət su izi tapılmayan bir bölgədə diqqətçəkən kəşf ediblər. Tədqiqatçılar bu ərazidə təxminən 16.000 kilometr uzunluğunda qədim çay yatağı izlərini müəyyən ediblər. Bu tapıntı Marsın keçmişinin düşünüləndən daha rütubətli bir dövr keçirmiş ola biləcəyini güman etdirir.

Kəşf Marsın yüksək və kraterli relyeflərindən biri olan Noachis Terra bölgəsində edilib. Bu zona Mars səthinin ən qədim quruluşlarından bəzilərini özündə saxlayır. Əvvəllər suya aid aşkar əlamət görünməyən Noachis Terra indiyə qədər "quraq" hesab edilən bölgələrdəndir.

Tədqiqat qrupu NASA-nın Mars peyklərindən alınan yüksək həlledici görüntülər üzərində tədqiqat aparıb. Görüntülər Avstraliyanın ərazisindən daha böyük bir sahəni əhatə edir. Bu geniş bölgədə axan suyun zamanla geridə qoyduğu izləri göstərən dolanıqlı silsilələr ortaya çıxıb.

"Fluvial sinuous ridges" (çay mənşəli dolğu silsilələri) adlanan bu quruluşlar bir zamanlar axan çayların gətirdiyi çöküntülərin, ətrafdakı daha yumşaq səthlərin eroziyası nəticəsində yüzə çıxması ilə formalaşır. Bəziləri cəmi bir neçə yüz metr enində və bir neçə kilometr uzunluğundadır. Lakin xeyli böyük olanları da var.

Tədqiqatı aparan qrupun üzvü Adam Louzkut bu tapıntıların xüsusilə təəccüblü olduğunu bildirir: "Bu bölgədə heç bir su izi gözləmirdik. Lakin gördüklərimiz təkcə suyun olması deyil, eyni zamanda bu suyun bölgə boyu geniş yayıldığıdır".

Louzkuta görə belə geniş çay şəbəkəsini qidalandıra biləcək tək şey regional miqyasda baş vermiş yağış və ya qar yağışı ola bilər. Peykdən alınan görüntülərdə iki çayın bir kraterin içərisinə axdığı və krateri doldurduqdan sonra digər tərəfdən çıxdığı görülür. Bu daimi su axınının olduğunu güman etdirir.

Aşkar edilən çay izləri təxminən 3.7 milyard il əvvəl Marsın daha isti və rütubətli iqlimə sahib olduğuna işarə edir. Bu dövr planetin səthində təkcə su axınlarının deyil, həm də böyük su kütlələrinin ola biləcəyini gündəmə gətirir.

Zamanla Marsın maqnit sahəsinin zəifləməsi ilə atmosferi incəlib. Bu da planetin səthindəki suyun buxarlanaraq kosmosa qarışmasına səbəb oldu. Buna baxmayaraq bəzi su izləri bu günə qədər gizli qala bilib. Aprel ayında edilən başqa bir araşdırmada Mars səthinin dərinliklərində gizlənmiş böyük su ehtiyatı ola biləcəyi irəli sürülmüşdü.

Samir

0