Beynəlxalq astronomlar qrupu Yupiterdən təxminən on dəfə böyük olan nəhəng ekzoplanet kəşf edib. O, protoplanetar diskin içində gizlənir: gənc ulduz MP Musu əhatə edən qaz, toz və buz buludu. Bu disk əvvəllər tamamilə düz hesab olunurdu və planet əmələ gəlmə əlamətlərindən məhrum idi.
HİT.az xəbər verir ki, tədqiqat "Nature Astronomy" jurnalında dərc olunub.
Gizli planet iki güclü astronomik alətin - Çilidəki ALMA radioteleskopunun və Avropa Kosmik Agentliyinin Gaia peyk rəsədxanasının məlumatlarının birləşməsi sayəsində kəşf edilib. Gaia ilk dəfədir ki, protoplanetar diskin içərisində bir planet aşkarlaya bilib.
Əvvəlki müşahidələr göstərib ki, Yerdən bir neçə yüz işıq ili uzaqlıqda yerləşən MP Muş ulduzu xarakterik boşluqlar və halqalar olmadan vahid maddə buludunun əhatəsindədir. Bu cür strukturlar adətən diskdəki boşluqları "kəsən" formalaşan planetlərin mövcudluğunu göstərir. Bu əlamətlərin olmaması alimləri təəccübləndirib: ulduz gəncdir, cəmi 7-10 milyon yaşındadır və bu yaşda əksər disklərdə artıq planetin əmələ gəlməsinin izləri görünür.
Alimlərin daha uzun radio dalğalarında təkrar müşahidələr aparmasından sonra dönüş nöqtəsi baş verib. Bu, onlara diskə daha dərindən baxmağa və əvvəllər gizlənmiş quruluşu görməyə imkan verib: daxili boşluq və iki xarici boşluq. Demək olar ki, eyni vaxtda başqa bir tədqiqatçı ulduzun bir qədər "yırğalandığını" - orbitdəki böyük bir obyektin cazibəsinin səbəb ola biləcəyi incə, lakin ölçülə bilən bir hərəkət olduğunu fərq edib.
ALMA və Gaia məlumatlarını birləşdirərək astronomlar belə nəticəyə gəliblər ki, həqiqətən də diskdə nəhəng qaz planeti gizlənib. Kompüter simulyasiyaları göstərib ki, belə bir göy cismi eyni vaxtda həm ulduzun qəribə hərəkətini, həm də protoplanetar diskin formasını izah edə bilər.
Araşdırmanın rəhbəri, Kembric Universitetindən Dr Alvaro Ribasın sözlərinə görə, ALMA-da təkmilləşdirmələr və yeni ngVLA sistemi kimi gələcək teleskopların işə salınması bizə protoplanetar disklərə daha dərindən baxmağa imkan verəcək və planetlərin, o cümlədən öz Yerimizin necə əmələ gəldiyini daha yaxşı anlamağa kömək edəcək.
Samir