Bəzi körpələr niyə daha çox ağlayır?

MARAQLI
10:48 / 15.07.2025
78

Yeni bir elmi araşdırma, körpələrin ağlama vərdişləri ilə bağlı uzun müddətdir maraq doğuran suala cavab verir: Niyə bəzi körpələr asanlıqla sakitləşərkən, bəziləri uzun müddət ağlamağa davam edir? İsveçdəki Uppsala Universitetində aparılan araşdırma, bu davranışların əhəmiyyətli dərəcədə genetik mənşəli ola biləcəyini göstərir.

HİT.az xəbər verir ki, araşdırmada iki ilə beş aylıq arasında 998 əkiz körpə tədqiq edilib. Tək yumurta əkizləri (eyni genetik quruluşa malik) və cüt yumurta əkizləri (genetik mənbələrinin təxminən yarısını paylaşan) arasındakı fərqlər müqayisə edilərək, ağlama müddəti və sakitləşmə davranışlarında genetik və ətraf mühit təsirləri ayrışdırılmağa çalışılıb.

Əldə edilən nəticələr, xüsusilə beşinci ayda körpələrin ağlama müddətindəki fərqlərin təxminən 70%-nin genetik amillərlə bağlı olduğunu göstərib. Tədqiqatın rəhbəri Dr. Şarlotta Viktorsson deyib: "İki aylıq olanda genetik təsirlər ağlama davranışının 50%-ni təşkil edir, beş aylıq olanda isə bu nisbət 70%-ə qədər yüksəlir".

Bu nəticələr, körpəsini sakitləşdirmək üçün hər yolu sınayan, yenə də uğur qazana bilməyən ailələr üçün bir az rahatlıq ola bilər. Çünki araşdırma bəzi hallarda valideynlərin təsirinin məhdud ola biləcəyini göstərir.

Araşdırmanın maraqlı tapıntılarından biri də körpələrin nə qədər tez sakitləşməsi ilə bağlıdır. Beş aylıq körpələrdə bu davranışdakı fərqlərin təxminən 67%-i genetik amillərlə izah oluna bilir. Lakin bu vəziyyət zamanla dəyişir. İki aylıq olanda ətraf mühit təsirləri daha güclü olarkən, aylar ötdükcə genetik amillərin rolu artır. Viktorsson bu dəyişimin körpələrin sürətli inkişaf edən təbiətini əks etdirdiyini və valideyn müdaxilələrinin xüsusilə ilk aylarda daha təsirli ola biləcəyini vurğulayır.

Digər tərəfdən, araşdırma körpə davranışlarının tamamilə genetiklə izah oluna bilməyəcəyini də göstərir. Məsələn, körpələrin gecə neçə dəfə oyanması kimi amillərin daha çox ətraf mühit təsirlərinə (məsələn, yatma qaydası, qidalanma rejimi və ya otaqdakı işıq-səs kimi) bağlı olduğu qeyd olunur.

Bu tapıntılara əlavə olaraq, Yaponiyadakı RIKEN Beyin Elmi Mərkəzi tərəfindən aparılan başqa bir araşdırma ağlayan körpəni sakitləşdirmək üçün tətbiq oluna bilən bir üsul təklif edir: Körpəni 5 dəqiqə ərzində qucaqda gəzitmək, sonra 5-8 dəqiqə oturur vəziyyətdə saxlamaq və daha sonra beşiyə yatırmaq. Bu metodun qısa müddətdə effektiv ola biləcəyi bildirilsə də, uzunmüddətli təsirləri (xüsusilə yuxu keyfiyyətinə) hələ də aydın deyil.

Xülasə, bir körpənin tez-tez ağlaması və ya asanlıqla sakitləşməməsi valideynin bacarıqsızlığı ilə bağlı olmaya bilər. Əksinə, bu vəziyyətin əsasında çox vaxt genetik amillər durur. Əlbəttə ətraf mühit təsirləri və valideyn qayğısı önəmli rol oynayır, lakin bu yeni tapıntılar, xüsusilə özünü günahlandıran ailələr üçün əhəmiyyətli bir perspektiv təqdim edir.

Samir
 

0