Alimlər kosmosda sürüklənən və qədim bir kosmik hadisənin izlərini daşıyan qalaktik “daşlaşma” (fosil) aşkarlayıblar. Bu kəşf, qalaktikaların formalaşması və təkamülü ilə bağlı anlayışlara yenidən baxmağı zəruri edə bilər.
HİT.az xəbər verir ki, bu barədə "ECONews" yazıb.
Qeyd edilir ki, əksər qalaktikaların mərkəzində nəhəng qara dəlik yerləşir və onların bəziləri aktiv şəkildə fəaliyyət göstərir.
NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin alimləri “XMM-Newton” və “Chandra” kosmik teleskoplarının köməyi ilə NGC 4945 adlı spiral formalı qalaktikada gözlənilməz rentgen siqnalları qeydə alıblar. Bu qalaktika 13 milyon işıq ili uzaqlıqda, Sentavr bürcündə yerləşir.
NGC 4945 həm aktiv qalaktik nüvəyə, həm də intensiv ulduz əmələgəlmə prosesinə malikdir. Alimlərin bildirdiyinə görə, bu qalaktikada ildə Günəşə bənzər təxminən 18 ulduz yaranır ki, bu da bizim Qalaktikadakı göstəricidən 3 dəfə çoxdur. Onlar bu dinamik ulduz yaranmasının keçmişdə baş vermiş ekstremal hadisələrlə əlaqəli ola biləcəyini düşünürlər.
Daha dəqiq analiz zamanı alimlər K-alfa dəmir xətti adlanan spesifik rentgen şüalanması qeydə alıblar. Bu, qara dəliyin ətrafındakı akkresiya diskindən yayılan yüksək enerjili rentgen şüalarının qalaktikadakı soyuq qazla toqquşması nəticəsində yaranır.
Ən maraqlı tapıntı isə 5 milyon il əvvəl qara dəlik tərəfindən qalaktik diskə atılmış soyuq qaz buludlarından ibarət “daşlaşma” olub. Bu struktur qalaktik disk boyunca hərəkət edir və ardınca böyük qaz kütlələrini sürükləyir.
Tədqiqatçılar bildiriblər ki, bu hərəkət sanki bir “enerji yarası” yaradıb və onu teleskop vasitəsilə müşahidə etmək mümkündür. Alimlər ehtimal edirlər ki, bu “daşlaşma” qalaktik küləklərə təsir edir və indiki ulduz yaranma proseslərini qidalandıra bilər.
Samir