Gündəlik həyatın içində müntəzəm şəkildə edilən kiçik, lakin müsbət davranışların — başqa sözlə, "kiçik xoşbəxtliklərin" — stress səviyyəsini azaltmaqdan yuxu keyfiyyətini artırmağa qədər bir çox sahədə təsirli ola biləcəyi iddiası elmi araşdırmalarla test edilib. Nəticələr olduqca diqqətçəkicidir.
HİT.az xəbər verir ki, gündəlik həyatın qarışıqlığında, kiçik şeylərdən xoşbəxt olmağın önəmini zaman-zaman eşidirik. Lakin bu dəfə sözügedən fikir təkcə instinktiv deyil, elmi əsas da qazanıb. Kaliforniya Universitetinin San-Fransiskodakı komandası tərəfindən aparılan genişmiqyaslı araşdırma göstərib ki, cəmi beş dəqiqəlik kiçik “sevinc aktları” belə insanların ruhi sağlamlığı və ümumi həyat keyfiyyətində nəzərəçarpacaq irəliləyişlərə səbəb ola bilir.
2024-cü ildə tamamlanan və “Böyük xoşbəxtlik layihəsi” (Big Joy Project) adlandırılan bu araşdırma ABŞ, Böyük Britaniya və Kanadadan təxminən 18 min nəfərin iştirakı ilə iki il ərzində aparılıb. Veb əsaslı bu tədqiqatda iştirakçılardan bir həftə boyunca hər gün cəmi 5-10 dəqiqəlik vaxtlarını müsbət emosiyalara yönəlmiş kiçik fəaliyyətlərə ayırmaları istənilib.
Araşdırmaya rəhbərlik edən psixoloq doktor Elissa Epel nəticələrin gözləntiləri aşdığını bildirib: “İştirakçılarda müşahidə etdiyimiz emosional inkişaflar həqiqətən təəccübləndirici idi. Cəmi bir həftəlik iştirakın belə, aylarla davam edən bəzi təlim proqramları ilə müqayisə edilə biləcək müsbət təsirlər yaratdığını gördük".
Tədqiqat çərçivəsində tövsiyə edilən fəaliyyətlər arasında sadə davranışlar — məsələn, bir sevinci paylaşmaq, kiməsə kiçik bir yaxşılıq etmək, minnətdarlıq siyahısı hazırlamaq və ya təbiətlə bağlı qısa, ilhamverici videolara baxmaq — yer alıb. Bu fəaliyyətlərin ortaq xüsusiyyəti onların tez başa çatması və müsbət emosiyaları hərəkətə gətirməyə yönəlməsi olub. Hər tapşırıqdan əvvəl və sonra iştirakçılara emosional və fiziki vəziyyətlərini qiymətləndirməyə dair qısa sorğular təqdim olunub.
Bu sorğular sayəsində iştirakçıların stress səviyyəsi, yuxu keyfiyyəti, həyatdan aldıqları məmnunluq, xoşbəxtlik üzərindəki nəzarət hissi və ümumi emosional rifah vəziyyətləri ölçülüb. Araşdırmaçılar vurğulayırlar ki, “emosional rifah” yalnız xoşbəxt hiss etməklə deyil, eyni zamanda həyatda məna və məqsəd hissi ilə də əlaqəlidir. Xoşbəxtlik üzərindəki nəzarət hissi isə insanın öz emosiyalarını idarə edə biləcəyinə olan inamı ilə bağlıdır.
İştirakçıların böyük əksəriyyəti emosional baxımdan özlərini daha yaxşı hiss etdiklərini bildiriblər. Üstəlik, bu təsirin iştirak səviyyəsinə görə artdığı müşahidə olunub. Bütün tapşırıqları tam şəkildə yerinə yetirənlər, yalnız bir neçə gün iştirak edənlərlə müqayisədə daha çox fayda əldə ediblər.
Araşdırmanın diqqətçəkən başqa bir nəticəsi isə demoqrafik fərqlərlə bağlıdır. Aşkarlanıb ki, etnik azlıqlardan olan iştirakçılar ağdərili iştirakçılara nisbətən daha nəzərəçarpacaq inkişaf göstərib. Gənc iştirakçılar isə yaşca böyük olanlara nisbətən daha yüksək fayda əldə etdiklərini bildiriblər.
Dr. Epel bu sualın hələ tam cavabının olmadığını qeyd edir. Lakin ehtimal edir ki, bu cür əməllər zehni mənfi düşüncə vərdişlərindən uzaqlaşdıraraq, diqqəti daha konstruktiv və müsbət emosiyalara yönəltdiyi üçün güclü təsir göstərə bilər. Məsələn, daim narahatlıq və ya özünü tənqid halında olan bir zehnin bu qısa diqqət dəyişimi ilə rahatlıq tapması mümkündür.
Dr. Epel və komandası bu sahədə daha çox araşdırmaya ehtiyac olduğunu qəbul edirlər. Buna baxmayaraq, əldə olunan nəticələr göstərir ki, gündəlik həyatda çox vaxt nəzərə alınmayan kiçik müsbət təcrübələr, xüsusilə stressli dövrlərdə əhəmiyyətli dəstək ola bilər.
Samir