2019-cu ildə Aya eniş cəhdində uğursuz olan Beresheet kosmik gəmisi gözlənilməz bir miras buraxa bilər: Yerdən gedən minlərlə tardiqrad, yəni məlum adı ilə su ayısı...
HİT.az xəbər verir ki, biz hələ də kainatın başqa yerində həyatın olub-olmadığını dəqiq bilməsək də, 2019-cu ildə Ayda baş verən uğursuz eniş, planetimizdən bir həyat formasının peyklərimizdə mövcud olduğunu üzə çıxardı.
Fevral 2019-cu ildə İsrail qeyri-hökumət təşkilatı SpaceIL İsrail Aviasiya və Kosmik Sənayesi (IAI) ilə əməkdaşlıq edərək Beresheet adlı kosmik gəmini orbitə buraxdı. Bu birgə layihənin hədəfi Aya enən ilk özəl maliyyələşdirilən gəmi olmaq və İsrailin ilk Ay missiyasını həyata keçirmək idi. Layihə nəinki bu iddialı hədəfləri, həm də daşıdığı xüsusi yüklə elm dünyasında böyük həyəcan doğurmuşdu. Beresheetin içərisində Arch Mission Foundation tərəfindən "bəşəriyyətin ehtiyat planı" kimi təsvir edilən, 100 qram ağırlığında Arch Lunar Library (Böyük Ay Kitabxanası) adlanan nanoteknologiya cihazı yerləşirdi.
Bu rəqəmsal arxiv insan sivilizasiyasının hərtərəfli qeydini özündə birləşdirirdi. Nazik nikel disklər üzərinə həkk edilmiş 30 milyondan çox mətn və vizual material arasında İngilis Wikipediaya- nın anlık görüntüləri, insanlıq tarixi və elmi ilə bağlı fundamental kitablar, dil öyrənmə materialları, lüğətlər və uşaq rəsmləri kimi müxtəlif məlumatlar var idi. Lakin kitabxananın bəlkə də ən diqqətçəkən tərkibi bioloji nümunələr idi. Təxminən 100 milyon insan hüceyrəsi və minlərlə susuzlaşdırılmış tardiqrad (su ayısı) reçinə içərisində xüsusi zaman kapsulunda kitabxanaya daxil edilmişdi.
Bu sevimli və inanılmaz dərəcədə davamlı mikroorqanizmlər planetimizin demək olar hər guşəsində tapılır. Amma Beresheetin enişi planlaşdırıldığı kimi getmədi. 11 aprel 2019-cu ildə kosmik gəminin mühərkində ciddi nasazlıq baş verdi və o, Ay səthinə çaxnaşdı. Gəmi tamamilə dağılsa da, arxiv kapsulunun qəzadan sağ çıxdığı güman edilir. Başqa sözlə, Ayın səthində hələ də Yerdən gələn ən davamlı canlılardan biri olan tardiqradlar ola bilər.
Tardiqradların dözümlülüyü həqiqətən heyrətləndiricidir. Bu canlıların -272°C ilə 150°C arası temperaturlara tab gətirə bildiyi məlumdur. Həmçinin yüksək radiasiya səviyyələrinə qarşı davamlıdırlar və uzun müddət susuz qalaraq sağ qala bilirlər. Hətta bəzi alimlər bu canlıların insanlardan belə uzun müddət yaşaya biləcəyini və planetimizin 10 milyard il sonrakı sonuna qədər varlığını davam etdirə biləcəyini irəli sürürlər.
Tədqiqatçılar 2021-ci ildə aparılan bir təcrübədə bu kiçik orqanizmlərin meteorit vasitəsilə kosmosda səyahət edib-edə bilməyəcəyini yoxlamaq istədi. Bu fikir həyatın mənşəyi ilə bağlı irəli sürülən panspermiya nəzəriyyəsinə (mikroorqanizmlərin meteoritlər vasitəsilə Yerə çata bilməsi ehtimalı) əsaslanırdı. Alimlər bu ehtimalı yoxlamaq üçün tardiqradları dondurulmuş neylon mərmilərin içərisinə yerləşdirib silahla atdılar. Təcrübə zamanı tardiqradlar təbii olaraq "yuxu rejiminə" keçdi.
Nəticələr qarışıq olub: Tədqiqatçılar tardiqradların saniyədə 0,9 kilometrə qədər olan zərbə sürətinə (təxminən 1,14 qiqapaskal təzyiqə) tab gətirə bildiyini aşkar ediblər. Bu təzyiq süni almaz istehsalı və metal emalı kimi sənaye proseslərində istifadə edilən səviyyəyə bərabərdir. Lakin bu həddi aşan zərbə sürətlərində tardiqradlar sağ qala bilməyib. Təəssüf ki, əksər meteorit zərbələri bu həddi keçdiyi üçün bu nəticə panspermiya nəzəriyyəsi üçün ümidverici görünmür. Yenə də bu test tardiqradların insanlar üçün ölümcül olan şəraitdə belə sağ qala biləcəyini sübut edir.
Bəs bütün bunlar Aydakı tardiqradlar üçün nə deməkdir? Hələlik dəqiq bir şey demək çətindir. Ay bu mikro canlıların yaşayıb çoxala biləcəyi bir mühit deyil. Yəni gələcəkdə Ayda yosunla qidalanan tardiqrad koloniyaları ilə qarşılaşmayacağıq. Lakin əgər qəza edən kapsul Ay səthindən geri götürülə və Yerə gətirilə bilsə, qəzadan sağ çıxmış nümunələrin yenidən canlandırılması mümkün ola bilər.
Əlbəttə bu, son dərəcə eksperimental və qeyri-müəyyən bir ehtimaldır. Bundan əlavə, belə bir iş üçün ilk növbədə kapsulun Aydakı qalıntılar arasından tapılıb xilas edilməsi tələb olunur ki, bu da öz-özünə böyük bir vəzifə olardı.
Samir