Mətbəx dəsmalları, süngərlər, hamam xalçaları, diş fırçaları, telefonlar, uzaqdan idarəetmə pultları və alış-veriş arabalarının tutacaqları Pseudomonas aeruginosa (mavi irin çöpləyi) və Staphylococcus aureus (qızılı stafilokokk) kimi təhlükəli bakteriyalar ehtiva edə bilər.
HİT.az xəbər verir ki, bunu "The Conversation" nəşrinə Vestminster Universitetinin tibbi mikrobiologiya üzrə baş müəllimi Manal Məhəmməd bildirib.
Alim qeyd edib ki, alış-veriş arabalarından hər gün onlarla insan istifadə edir, lakin onlar nadir hallarda dezinfeksiya olunur. Buna görə də tutacaqlarda mikroblar yığılır.
Mütəxəssis əlavə edib: "ABŞ-da aparılan bir araşdırma göstərdi ki, alış-veriş arabalarının 70%-dən çoxunun səthində koliform bakteriyaları (E.coli kimi növləri əhatə edən qrup) var. Başqa bir iş isə arabaların tutacaqlarında təhlükəli Klebsiella pneumoniae, Citrobacter freundii və Pseudomonas bakteriyalarının olmasını aşkar edib".
Mətbəx süngərləri, hamam otağı xalçaları və mətbəx dəsmalları da evdəki ən çirkin əşyalardan ola bilər.
Alim xəbərdarlıq edib: "Süngərlər məsaməli, nəm və tez-tez qida məhsulları ilə təmasda olur – bakteriyaların çoxalması üçün ideal şərait. Çoxməqsədli mətbəx dəsmalları da tezliklə mikrobların yuvasına çevrilir. Tədqiqatlar göstərir ki, E.coli və Salmonella bakteriyaları parça dəsmallar üzərində bir neçə saat qala bilər".
Mütəxəssisin sözlərinə görə, kəsmə taxtaları bıçaq kəsiklərindən qalan çökəkliklərdə bakteriya yığa bilər. Salmonella və E.coli bakteriyaları quru səthlərdə saatlarla yaşaya bilər və taxtalar lazımi qaydada təmizlənmədikdə təhlükə törədə bilər. Həmçinin, hamam otağında yoluxma riski artır. Mütəxəssis xatırladıb ki, tualet yuyularkən mikroskopik damcılardan ibarət "bulud" yaranır və bu damcılar yaxınlıqda duran diş fırçalarına çata bilər.
Mütəxəssis əlavə edib ki, yüksək istiliyə və tez-tez istifadəyə görə mobil telefonlar bakteriyaların çoxalması üçün ideal şərait yaradır. Digər "təhlükəli" cihazlar arasında isə hotel televizorlarının uzaqdan idarəetmə pultları var.
Samir