Bəzən insan hansısa işi görməyə ərinir, tənbəllik edir.
Bu gün görəcəyi işi hansısa bəhanələrlə təxirə salır, günlərlə uzadır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, şəxslər, diqqət mərkəzində olmadıqları üçün bütün güclərini ortaya qoymur və nəticədə işi yerinə yetirmək üçün yüksək performans göstərmir:
“Tənbəlliyin arxasında duran əsas səbəblərdən biri psixoloji amillərdir. Motivasiya çatışmazlığı, özünə inamsızlıq, stress və depressiya kimi psixoloji faktorlar tənbəlliyin yaranmasına şərait yaradır. Məsələn, insanlar böyük və çətin işlər qarşısında özlərini gücsüz hiss edə bilərlər. Nəticədə, həmin işlərə başlamaqdan çəkinir və tənbəllik edirlər. Psixoloji amillər bəzən insanların iradəsini zəiflədir və onları daha passiv hala gətirir. Belə hallar çox vaxt uzun müddətli ola bilər və ciddi müalicə və dəstək tələb edə bilər. Bəzən tənbəllik sağlamlıq problemləri ilə də bağlı ola bilər. Xroniki yorğunluq sindromu, depressiya və ya hormonal balanssızlıq kimi sağlamlıq problemləri insanı daha passiv hala gətirə bilər. Sağlamlıq problemləri olan insanlar çox vaxt tənbəllik etmirlər, sadəcə, bədənləri enerji tapmaqda çətinlik çəkir. Belə hallar daha ciddi tədbirlər və tibbi dəstəklə aradan qaldırılmalıdır. Tənbəlliyin arxasında duran fiziki və psixoloji sağlamlıq problemlərinin həlli insanların enerjisini bərpa edərək onları daha aktiv edə bilər”.
Sevinc