Yupiterə daha iki yeni peyk: Ümumi say 97-yə çatdı

MARAQLI
23:15 / 23.07.2025
44

Günəş sisteminin ən böyük planeti olan Yupiter orbitindəki təbii peyklər sırasına daha iki yeni peyk əlavə edib. 

HİT.az xəbər verir ki, son kəşflər nəticəsində planetin məlum peyklərinin sayı 97-yə çatıb.

Yupiterin peykləri ilk dəfə 1610-cu ildə məşhur italyan astronomu Qalileo Qaliley tərəfindən müşahidə edilib. Özünün düzəltdiyi ibtidai teleskopla səmanı müşahidə edən Qaliley İo, Avropa, Qanimed və Kallisto adlandırdığımız dörd böyük peyki aşkar edib. Bu peyklər bu gün də "Qaliley peykləri" adı ilə tanınır. Lakin Yupiterin beşinci peykinin kəşfi üçün 19-cu əsrin sonlarını gözləmək lazım gəlib; çünki növbəti peyk ancaq 1892-ci ildə müəyyən edilə bilib.

Teleskop texnologiyasının inkişafı və xüsusilə 1970-ci illərdə Voyager kosmik aparatlarının Yupiterə yaxınlaşması ilə planetin təsəvvür ediləndən daha çox peyə malik olduğu aydın olub. Lakin 2000-ci illərdən etibarən Yupiter ətrafında peyk axtarışının böyük hissəsi amerikalı astronom Skott Şepardın səyləri ilə həyata keçirilib. Şepard bəzən digər tədqiqatçılarla birlikdə işləsə də, 60-dan çox Yupiter peykinin kəşfində birbaşa iştirak etdi. Bu da onu "Yupiter ətrafında ən çox peyk kəşf edən şəxs" titulunun ən güclü namizədinə çevirir.

Şepardın son müşahidələri ilə Yupiterin peykləri siyahısına daha iki yeni səma cismi əlavə edilib: S/2017 J 11 və S/2017 J 10. Hər iki peyk əslində ilk dəfə 2017-ci ildə aşkar edilmişdi. Lakin onların səmada sabit orbit izləyib-izləmədiyindən və həqiqətən Yupiterə bağlı olub-olmadığından əmin olmaq üçün illərlər davam edən izləmə müşahidələri tələb olunub. Bu prosesin sonunda Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetlər Mərkəzi hər iki peykin mövcudluğunu rəsmi şəkildə təsdiqləyib.

Yeni kəşf edilən bu peyklər haqqında hələlik ətraflı məlumat məhduddur. Lakin hər ikisinin kiçik ölçülü olduğu və Yupiterin fırlanma istiqamətinin əksinə, yəni retroqrad orbitdə hərəkət etdiyi məlumdur. Bu vəziyyət Yupiterin uzaq və kiçik peykləri arasında olduqca geniş yayılıb.

S/2017 J 11 planetin ətrafında bir tam dövrünü təxminən 701 gündə tamamlayır və orta hesabla 22,7 milyon kilometr məsafədə fırlanır. Digər yeni peyk S/2017 J 10 isə bir qədər daxili orbitdə, təxminən 21,5 milyon kilometr məsafədə dövr edir və tam dövrünü 646 gündə başa vurur.

Hər iki peyk Yupiterin mürəkkəb və dinamik peyk sisteminə yeni halqalar əlavə edir. Astronomlar hesab edir ki, bu cür kiçik peyklərin mənşəyini anlamaq, Yupiterin keçmişi və Günəş Sisteminin erkən dövrləri haqqında əhəmiyyətli ipuçları verə bilər.

Samir
 

0