Həyatın əsasını təşkil edən molekulların kosmosda mövcud ola biləcəyi güman edilir.
HİT.az xəbər verir ki, bu tapıntı Max Planck İnstitutunun tədqiqatçılarının "The Astrophysical Journal" elmi jurnalında dərc etdirdiyi yeni araşdırmaya əsaslanır.
Araşdırma Orion bürcündəki bir protoulduzun (ön ulduz) ətrafında sıx şəkildə dövrən 12-dən çox mürəkkəb orqanik molekulun aşkar edildiyini qeyd edir. Bu, həmin kimyəvi maddələrin ulduzların formalaşmasına müşayiət edən şiddətli proseslərdə sağ qala biləcəyini və nəticədə kosmosda bol miqdarda ola biləcəyini göstərir. Yəni bu tapıntıya görə, Yerdə həyat üçün uyğun şəraitə malik bir planetin formalaşmasını gözləməyə ehtiyac qalmaya bilər.
Astronomların xüsusilə diqqət çəkdiyi iki orqanik molekul: etilen qlikol və qlikolonitril. Hər ikisi də DNT və RNT-nin təməl blokları olan nuklein turşularının öncülləridir.
Araşdırmanın baş müəllifi və Max Planck İnstitutundan astronom Əbubəkr Fadul bildirib: "Tapıntılarımız ulduzlararası buludlardan tam inkişaf etmiş planet sistemlərinə qədər uzanan kimyəvi zənginləşmə və artan mürəkkəblik prosesi arasında düz xətt olduğunu göstərir".
Tədqiqatçıların açıqlamasında isə deyilir: "Bu, həyatın toxumlarının kosmosda bir araya gəldiyini və bunun kainatda geniş yayıldığını düşündürür".
İndiyə qədər hakim olan fərziyyə, orqanik molekulların çoxunun ulduz sisteminin formalaşması zamanı – soyuq qaz buludlarının çökərək ulduzlararası bulud yaratması ilə məhv olduğu idi. Bu prosesdə protoulduz (ön ulduz) ətrafa məhvedici radiasiya yayaraq yaxınlıqdakı qazı qızdırır və güclü zərbə dalğaları ilə bombardman edir. Bu da nəticədə ulduzun orbitində kiçik dünyaların yarana biləcəyi protoplanet disk (gezegenöncesi disk) yaradır. Lakin elm adamları bu şiddətli prosesin sistemdəki bütün kimyəvi inkişafı sıfırladığına və prosesin yalnız uyğun şəraitə malik planet formalaşdıqda yenidən başlaya biləcəyinə inanırdılar.
Ancaq indi bunun tam əksinin doğru ola biləcəyi aydınlaşır. Araşdırmanın həmmüəlliflərindən və Max Planck İnstitutundan astronom Kamber Şvarts deyir: "Nəticələrimiz protoplanet disklərin mürəkkəb molekulları əvvəlki mərhələlərdən miras aldığını və bu molekulların formalaşmasının gezegenöncesi disk mərhələsində də davam edə biləcəyini göstərir".
Mürəkkəb orqanik molekulları aşkar etmək olduqca çətindir, çünki onlar adətən "buzlu toz hissəcikləri" adlanan zərrəciklər içərisində ilişib qalırlar. Bu zərrəciklər onların ilk yarandığı yerlərdir. Lakin V883 sistemi adlanan bu nümunədə ulduz hələ də diskdə qalan qazı sərf edərkən kosmosa radiasiya partlayışları göndərir.
Fadul izah edir: "Bu partlayışlar ətrafdakı diskin normalda donmuş olan bölgələrini qızdırmaq üçün kifayət qədər güclüdür; beləcə aşkar etdiyimiz kimyəvi maddələr sərbəst buraxılır".
Bu qazlar sərbəst buraxılanda sürətlə qızır və astronomların aşkar edə biləcəyi şüalar yayır. Tədqiqatçılar bu şüaları Çilidə yerləşən 66 ayrı antenin birgə işləməsindən ibarət nəhəng radio teleskop ALMA ilə aşkar etdilər.
Futurism jurnalının şeiriy ifadəsi ilə desək: "Gənc ulduzun məhvedici təbiəti, həyatın toxumlarının kosmosda sərbəst dolaşmasına imkan verir kimi görünür".
Əgər həyatın təməl bloklarının öncülləri bir ulduz sisteminin şiddətli doğumuna dözə bilirsə, bu onların kimyəvi təkamülünün planetlər yaranmadan çox əvvəl başlaya biləcəyi deməkdir. Bir sözlə, həyatın təməl daşları kosmosda formalaşa bilər və kainatın hər tərəfində bol miqdarda ola bilər.
Samir