Market alış-verişi çoxumuzun həyatında müntəzəm etdiyi adi bir hərəkət kimi görünsə də, əslində düşündüyümüzdən daha çox strategiya özündə saxlayır. Mütəxəssislərə görə, rəflərə qoyulan məhsulların yeri belə alış-veriş vərdişlərimizə təsir edə bilər. Üstəlik, bu təkcə diqqətsiz xərcləmələrə deyil, uzunmüddətli büdcə problemlərinə də səbəb ola bilər.
HİT.az xəbər verir ki, istehlakçı davranışları üzrə işləyən mütəxəssislər xüsusilə gözdəyişində yerləşən məhsulların seçilmə ehtimalının daha yüksək olduğunu vurğulayır. Lakin bu məhsulların çox vaxt daha bahalı markalara aid olduğu qeyd olunur. Əslində ucuz seçimləri görmək istəyirsinizsə, bəlkə də əyilib aşağı rəflərə baxmaq lazımdır.
Mütəxəssislər xəbərdarlıq edir: "Marketlərdə gözdəyişində qoyulan məhsullar istehlakçıya daha cəlbedici görünür və buna görə daha çox satılır. Lakin bu yerlər adətən bahalı markalara ayrılır. Ucuz məhsullar isə çox vaxt daha aşağı rəflərə qoyulur".
Bu strategik yerləşdirmə "planqram" adlanan sistemin bir hissəsidir. Planqram məhsulların satış potensialını artırmaq üçün rəflərə qoyulma üsuludur. Nottingem Universitetindən Professor Qreham Kendall bunu belə izah edir: "Gözdəyişi eyni zamanda alış-veriş səviyyəsidir. Bu istehlakçıların ən çox diqqət yetirdiyi və çatdığı yerdir. Buna görə də bu yerlərə daha bahalı məhsullar qoyulur".
Alış-veriş zamanı neçə dəfə əyildiyinizə və ya bir məhsula uzanmağınıza fikir versəniz, bu sistemin sizi fərqinə varmadan necə yönəltdiyini daha aydın görə bilərsiniz. Rəflərdəki bu yerləşmə təkcə üfüqi deyil, şaquli istiqamətdə də təsirlidir. Bölmənin (reyon) başlanğıcında yerləşən məhsulların daha az satılması da oxşar məntiqə əsaslanır. Çünki mütəxəssislərə görə, müştəri bölməyə daxil olduqdan sonra qərar vermək üçün müəyyən vaxt lazımdır.
Bu cür taktikanın tək məqsədi sizi daha çox xərcləməyə sövq etməkdir. Təkcə rəf düzülüşü deyil, məhsulların mağaza daxilindəki ümumi yerləşməsi də bu strategiyanın bir parçasıdır. Məsələn, süd, yumurta kimi əsas məhsullar adətən mağazanın ən arxa hissəsinə qoyulur. Üstəlik, bu məhsullar bir-birindən uzaq yerləşdirilir. Beləcə, əsas ehtiyaclar üçün alış-verişə gələn müştəri mağazada daha çox vaxt keçirir və yol boyu qarşısına çıxan digər məhsulları səbətə atma ehtimalı artır.
Parlaq nişanlar, gözalıcı endirim stendləri, bölmə sonlarına qoyulan "xüsusi" məhsullar və mövsümi kampaniyalar da bu strategiyanın bir hissəsidir. Bütün bu elementlər alış-veriş axınına mane olur və planlaşdırdığınızdan daha çox xərcləməyinizə səbəb ola bilər.
Bəs bu cür taktikalardan (təqiblərdən) necə qoruna bilərsiniz? Mütəxəssislər ən effektiv üsulun alış-verişə çıxmazdan öncə siyahı hazırlamaq və mümkün qədər bu siyahıya sadiq qalmaq olduğunu deyir. Beləcə həm ehtiyacınız olmayan məhsullardan uzaq dura bilər, həm də büdcənizi daha nəzarətli idarə edə bilərsiniz".
Samir