2,6 milyard ildən günümüzə qədər gələn su: Dadı necədir?

MARAQLI
20:58 / 31.07.2025
59

Geoloqlar Kanadada apardıqları tədqiqatlarda təkcə qədim bir mayeyə deyil, onun içində gizlənən bioloji ipuclarına da çatıblar. Maraqlısı isə ondadır ki, bu kəşfi edən geoloqlar suyun dadına baxıblar.

HİT.az xəbər verir ki, təxminən 10 il əvvəl Kanadanın şimalındakı bir mədənin dərinliklərində yer üzündə indiyə kimi tapılmış ən qədim su aşkar edilib. Geologiya professoru Barbara Şervud Lolların rəhbərliyi altında tədqiqat qrupu təxminən üç kilometr dərinlikdə tapdıqları bu qədim mayenin yaşını 1,5 ilə 2,6 milyard il arasında hesablayıb.

2016-cı ildə edilən bu kəşf alimlərə nəinki Yer dərinliklərinə, həm də onun keçmişinə bir pəncərə açıb. Bəlkə də bu tapıntını daha da maraqlı edən şey, Şervud Lolların bu suyun dadına baxmış olmasıdır.

Qrup mədəndə tədqiqata başlayanda məqsədləri qaya boşluqlarında ilişib qalmış bir neçə damcı qədim su tapmaq olub. Ancaq qarşılaşdıqları mənzərə gözləntilərini xeyli üstələyib: Yer altından litrlərlə su, daim köpürcəklər şəklində yer üzünə çıxırıb. Şervud Lollar vəziyyəti belə izah edir: "Əksər insanlar belə suların qayaların içində kiçik qovuqlarda ilişib qaldığını düşünür. Halbuki burada su sanki axırdı".

Bu həcm elm dünyasında yer altı sularının yayılmışlığı və hərəkətliliyi ilə bağlı çoxsaylı fərziyyələri yenidən düşündürür.

Şervud Lollar bu qədim suyun dadının son dərəcə duzlu və acı olduğunu qeyd edib. Hətta dadı dəniz suyundan da daha doymuşdur. Geoloqlara görə bu yüksək duzluluq suyun yaşı barədə güclü bir ipucu deməkdir. Yer altındakı su zaman keçdikcə qayalardan mineral həll edir və bu da duz səviyyəsini artırır. Yəni su nə qədər duzlu olsa, adətən bir o qədər də qədim olur.

Ancaq bu kəşf təkcə qədim su ilə məhdudlaşmır. Həyata keçirilən kimyəvi təhlillər suyun içində mikrobiyal həyatın izlərini üzə çıxarıb. Tədqiqatçılar xüsusilə sulfat səviyyələrini təhlil edərək bu mikrobların orada milyardlarla il ərzində mövcud ola biləcəyini göstərib. Şervud Lollar bildirib: "Müşahidə etdiyimiz izlərin təkcə bioloji proseslərlə yarana biləcəyini müəyyən etdik".

Bu nəticə mikroskopik həyatın xaricdən tamamilə təcrid olunmuş bir mühitdə çox uzun zaman müddətləri ərzində sağ qala biləcəyini göstərən əhəmiyyətli bir dəlil kimi qiymətləndirilir.

Şervud Lollar və onun komandasının bu işi 2016-cı ildə "Nature" jurnalında dərc edilib. Əldə edilən məlumatlar təkcə keçmişi işıqlandırmaqla kifayətlənməyib; həm də kainatda həyatın potensial izləri mövzusunda yeni suallar ortaya qoyub.

Samir

0