Yeni elmi tədqiqatlar kainatda yaranmış ilk molekulanın – helium hidridinin (HeH⁺) erkən ulduzların formalaşmasında daha mühüm rol oynadığını ortaya qoyub.
HİT.az xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Maks Plank adına Nüvə Fizikası İnstitutunun (MPIK) almaniyalı tədqiqatçıları bu molekulanın gözlənilməz davranışını aşkara çıxarıblar. Qeyd olunur ki, helium hidridi – bir helium atomu ilə bir protondan ibarət sadə birləşmə – Böyük Partlayışdan dərhal sonra yaranıb və kainatda kimyəvi əlaqələrin başlanğıcını qoyaraq ulduzları "qidalandıran" molekulyar hidrogenin (H₂) əsasını təşkil edib.
Onilliklər ərzində alimlər HeH⁺ molekulunun sadəcə passiv rol oynadığını, yəni ulduzların ilkin formalaşması üçün qaz buludlarının soyumasında dolayısı ilə iştirak etdiyini düşünürdülər. Lakin son laboratoriya təcrübələri bu nəzəriyyəni şübhə altına alır.
“Astronomy & Astrophysics” jurnalında dərc olunan məqaləyə əsasən, alimlər bu qədim molekulanın Böyük Partlayışdan sonra necə davrandığını öyrənmək üçün erkən kainatın şəraitini imitasiyaya edən kriogen yığıcı halqadan istifadə ediblər. Bu unikal qurğu, temperaturu mütləq sıfıra yaxın olan kosmik şəraitdə molekulların davranışını öyrənməyə imkan verir.
Təcrübə zamanı məlum olub ki, əvvəlki modellərin əksinə olaraq, temperatur aşağı düşdükcə HeH⁺ ilə deyterium arasında baş verən reaksiya zəifləmək əvəzinə sabit qalır. Bu, əvvəlki elmi nəzəriyyələrlə ziddiyyət təşkil edir və molekulun reaksiyaya girə bilmə qabiliyyətinin əvvəl güman edildiyindən daha yüksək olduğunu göstərir.
Bu kəşf xüsusilə əhəmiyyətlidir, çünki "kosmik qaranlıq çağ" adlanan dövrdə – yəni ulduzlar yaranmazdan əvvəl – helium hidridi kimi molekullar ilkin qazların soyumasında əsas rol oynayıb. Bu soyuma prosesi cazibə qüvvəsinin təsiri ilə qaz buludlarının sıxılaraq ulduzlara çevrilməsi üçün vacibdir.
Çünki hidrogen atomları 10 000 °C-dən aşağı temperaturda istiliyi effektiv şəkildə xaric edə bilmədiyindən, dipol momentinə malik molekullar – məsələn, HeH⁺ – enerjini radiasiya yolu ilə xaric etmək üçün həyati əhəmiyyət daşıyıb.
Bundan başqa, HeH⁺ molekulu hidrogen atomları ilə toqquşduqda parçalanaraq ionlar əmələ gətirir və bu proses nəticədə molekulyar hidrogenin yaranmasına səbəb olur.
Yeni məlumatlar göstərir ki, bu zəncirvari kimyəvi reaksiyalarda helium hidridi əvvəl hesab edildiyindən daha fəal iştirak edib və ulduzların yaranmasına əhəmiyyətli dərəcədə təsir göstərib.
Samir