Kanadanın Vaterlu Universitetinin apardığı yeni araşdırmaya görə, qadın pilotlar stresli vəziyyətlərdə kişi həmkarlarına nisbətən daha yaxşı nəticələr göstərirlər.
HİT.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Tədqiqat doktor Nailə Ayalanın rəhbərliyi ilə həyata keçirilib və qadınların "unikal güclü cəhətlərə" malik olduğunu ortaya qoyub – daha sabit əl hərəkətləri, soyuqqanlılıq və yüksək vəziyyətə uyğun məlumatlılıq.
Araşdırma çərçivəsində uçuş təcrübəsi 300 saatdan az olan 20 yeni pilot (10 qadın və 10 kişi) müasir aviasimulator vasitəsilə həm standart, həm də fövqəladə halları – məsələn, mühərrik nasazlığı – əhatə edən uçuş ssenarilərindən keçib.
Bütün iştirakçılar göz hərəkətlərini izləməyə imkan verən xüsusi eynəklər taxıblar. Bu, tədqiqatçılara onların vizual diqqətlərini və hadisələrə reaksiyalarını analiz etməyə imkan verib. Həm kişi, həm də qadın pilotlar vacib göstəricilər və vizual siqnallara bərabər səviyyədə fokuslansalar da, qadınlar xüsusilə stres şəraitində əhəmiyyətli dərəcədə az səhv ediblər.
Qadın pilotlar daha sabit enişlər həyata keçirib, təcili vəziyyətlərə daha sürətli reaksiya verib və daha dəqiq qərarlar qəbul ediblər.
“Bu nəticələr ümidvericidir, çünki pilot peşəkarlığını necə qiymətləndirdiyimizi yenidən düşünməyə vadar edir”, deyə tədqiqat rəhbəri Ayala bildirib.
Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr qadınların həmişə daha yaxşı pilot olduqları anlamına gəlmir. Tədqiqatın həmmüəllifi, professor Süzanna Kerns əlavə edib ki, pilotların təzyiq altındakı davranış fərqliliklərini anlamaq, daha effektiv təlim proqramlarının yaradılmasına, təhlükəsiz ekipajların formalaşdırılmasına və aviasiyada daha inklüziv mədəniyyətin təşviqinə töhfə verə bilər.
Samir