Alimlər ev şəraitində ən yaxşı antistress vasitəni müəyyən etdi

MARAQLI
10:26 / 06.08.2025
43

Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, itlər yalnız insanlara rahatlıq hissi vermir, eyni zamanda orqanizmin stresə sağlam reaksiya verməsini də təşviq edir. 

HİT.az xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.

Aparılan sorğuda amerikalıların üçdə birindən çoxu demişdir ki, demək olar ki, hər gün özlərini “tamamilə sıxılmış” hiss edirlər. Stres müasir həyatın daimi hissəsinə çevrilib və mövcud məlumatlara əsasən, bu, onkoloji, ürək-damar, autoimmun xəstəliklər və hətta demensiyanın inkişafına da təsir göstərə bilər.

Bu fonda stresin mənfi təsirini azaltmaq üçün sadə və əlçatan vasitələrə maraq artır. Belə üsullardan biri – ev heyvanları, xüsusən də itlərdir. Denver Universitetinin İnsan və Heyvan Əlaqələri İnstitutunun alimləri bu canlıların insan fiziologiyasına necə təsir etdiyini öyrənmək qərarına gəliblər.

Əvvəlki tədqiqatlar əsasən stress hormonu olan kortizolun səviyyəsinə fokuslanırdı. Kortizol orqanizmin təhdidə yavaş reaksiyasını əks etdirir və hipotalamo-hipofiz-böyrəküstü vəz oxu vasitəsilə tənzimlənir. Lakin daha bir reaksiya yolu var – simpato-adrenal sistem, hansı ki, “döyüş ya da qaç” kimi sürətli reaksiyanı təmin edir. Bu sistemin fəaliyyəti isə qanda alfa-amilaza fermenti vasitəsilə izlənilə bilər.

Yeni eksperimentdə 40 iştirakçı klassik stres testindən keçirilib: sükut içində onları dinləyən “ekspert qrupu” qarşısında nitq söyləmək və ağılda hesablama aparmaq tələb olunub. İştirakçıların yarısı itləri ilə, digərləri isə tək gəlmişdi. Alimlər həm kortizol, həm də alfa-amilaza səviyyəsini ölçüblər.

Gözlənildiyi kimi, itlərlə gələn şəxslərdə kortizol səviyyəsi daha aşağı olub – bu, onların daha az əsəbiləşdiyini göstərir. Ən önəmlisi isə odur ki, bu şəxslərdə alfa-amilazanın səviyyəsində sağlam bir yüksəlmə qeydə alınıb – bu isə sürətli, lakin nəzarət edilən bir reaksiya deməkdir. Tək gələn şəxslərdə isə bu fermentin səviyyəsi demək olar ki, dəyişməyib.

Bu nəticələr göstərir ki, itlər sadəcə sakitləşdirmir. Onlar insanın “optimal zona”da qalmasına kömək edir – yəni, vəziyyətə adekvat cavab verə biləcək qədər toplanmış, lakin stresdən iflic olmayacaq qədər sakit qalmaq mümkündür.

Bu məlumatlar izah edir ki, niyə itlər getdikcə daha çox emosional dəstək heyvanları kimi istifadə olunur və posttravmatik stress pozuntusu (PTSP) kimi diaqnozların müalicəsində də onların rolu ilə bağlı yeni perspektivlər açılır.

Samir

0