Alimlər, vəhşi təbiətdə qeydə alınmış ən böyük epidemiya olan dəniz ulduzları xəstəliyinin başlanğıcından 10 il sonra onun səbəbkarı olan mikroorqanizmi aşkar etdilər.
HİT.az xəbər verir ki, bunu "The Guardian" qəzeti yazır.
Qeyd olunur ki, Vibrio pectenicida bakteriyasının növü dəniz ulduzlarında epidemiyanın yaranmasına səbəb olub. Kanada, Britaniya Kolumbiyasındakı Hakai İnstitutundan Dr. Melani Prantis və Dr. Alissa Gemanın rəhbərlik etdiyi alimlər qrupu öyrənilməsində bu mikroorqanizmin Şimali Amerikanın qərb sahilləri boyunca günəbaxan dəniz ulduzlarının populyasiyasını 10 il ərzində məhv etdiyini açıqlayıb.
Alimlərin sözlərinə görə, 2013-cü ildən bəri 5,8 milyard fərd məhv olub ki, bu da dünyada mövcud olan günəbaxan dəniz ulduzlarının ümumi populyasiyasının təxminən 90%-ni təşkil edir. Bu növ "Nəsli Kəsilmək Təhlükəsində Olan Növlərin Beynəlxalq Qırmızı Siyahısı"na daxil edilib.
Tədqiqatçılar aşkar ediblər ki, V. pectenicida patogen bakteriyası günəbaxan dəniz ulduzlarının epidemiyasında həlledici rol oynayıb. Onlar qeyd ediblər ki, FHCF-3 V. pectenicida növü ilə yoluxma xarici zədələrdən başlayır, bu da ətraf orqanların itirilməsinə və deformasiyaya səbəb olur və nəticədə yoluxmuş fərdləri öldürür. Xəstəliyin törədicisini bilmədən yoluxmuş dəniz ulduzlarında xəstəliyi müəyyən etmək mümkün deyil.
Dr. Melani Prantis xəbərdarlıq edib ki, günəbaxan dəniz ulduzlarının sayının azalması dəniz yosunu meşələrinin məhv olmasına səbəb ola bilər. Bunun digər bütün dəniz növləri və onlardan asılı olan insanlar üçün geniş təsirləri var.
Daha əvvəl Qriffit və Makvori Universitetlərindən alimlər pilotsuz uçuş aparatları vasitəsilə Böyük Setli Rifə daxil olan Lizard adasının şimal və cənub ucunda yerləşən 20 rif sahəsini öyrəniblər. Tamamilə rəngsizləşdikdən sonra orada mərcanlar məhv olub.
Tədqiqatçılara görə, miqyas bütün tarixi rekordları üstələyib. Onlar müəyyən ediblər ki, mərcanların 96%-i rəngini itirib. Rifin bəzi sahələrində canlı mərcanların sayı 1%-dən azdır.
Samir