Yüzlərlə onlayn məqalə və çap olunmuş kitablar şirkətlərin uğurunun sirrini bildiklərini iddia edir, lakin onların böyük əksəriyyəti eyni mövzu ətrafında fırlanır. Uğurlu sahibkarları digərlərindən fərqləndirən əsas 3 xüsusiyyət — işini sevmək, əzm və pozitiv münasibətdir. Bu xüsusiyyətləri inkişaf etdirmək həm doğuşdan gələn bir qabiliyyət, həm də bəzi önəmli ipuclarını tələb edir.
Valyuta.az-ın təqdim etdiyi ipucları ilə bu 3 xüsusiyyəti inkişaf etdirə və siz də uğurlu sahibkarlardan biri ola bilərsiniz:
Gördüyünüz işi sevin
İşini sevmək bir şirkətin hərəkət strategiyasını müəyyən edən əsas açarlardan biridir. Qəlbdən istəmədiyiniz bir sahibkarlıq macərası sizi uğurdan uzaqlaşdıracaq. Abraham Linkoln ömrünün sonuna qədər demək olar ki, bütün səylərində uğursuz oldu, lakin heç vaxt təslim olmadı və yoluna eyni həvəslə davam etdi.
Kiçik addımlarla başlayın
Hər şeyi bir anda etməyə çalışmaq nadir hallarda uğur gətirir. Hər yeni biznes üçün risklərin idarə olunması vacibdir və balanslı hərəkət həyati əhəmiyyət daşıyır. Kiçik şeylərdən başlayın və tədricən böyüyün. Başlanğıcda kiçik risklər almaq itkiləri daha asan qəbul etməyə imkan verir. Bu itkilər sizə əsaslı və faydalı dərslər verəcək.
Öyrənməyə açıq olun
Uğurlu sahibkarlar adətən öz yollarını müəyyən etməzdən əvvəl sahələrindəki digər şirkətlərdə çalışıblar. Mükəmməl bir məsləhətçi ilə bir neçə il işləmək sizə yaxşı bir tramplin qazandıra bilər. Digərlərinin buraxdığı səhvlərdən dərs alın və öz modelinizi formalaşdırmaq üçün beyin fırtınası aparın. Bildiklərini paylaşmağa həvəsli insanlarla təmasda olun. Təcrübə qazandıqdan sonra öz biznesinizi qurmağı düşünə bilərsiniz.
Özünüzü motivasiya etməyi öyrənin
Özünüzə güvənmək hər hansı bir addımı daha yüksək səviyyəyə daşıya bilər. Qarşınıza qoyduğunuz məqsədə çatdığınız zaman özünüzü mütləq mükafatlandırın.
Davamlı hərəkətdə olun
Yeni sahibkarlar üçün təxirəsalmalara yer yoxdur. Gecə-gündüz çox işlədiyiniz günlərə və yuxusuz gecələrə hazır olun. Hər addımı və hərəkəti qısa şəkildə qiymətləndirin. Daxili instinktlərinizə güvənin.
Plan qurun
Uğurlu şirkətlər haqqında məlumatlar oxuyun. Stiv Cobs və “Shark Tank” proqramındakı tanınmış sahibkarlar kimi uğur qazanmış şəxslərin təcrübələrindən faydalanın. Uğurlu bir biznes planı mütləq bir kitab qədər geniş olmaq məcburiyyətində deyil. Başlanğıc üçün lazım olan bütün məlumatları əhatə edən 1-2 səhifəlik sadə bir plan kifayət edər.
Yaxşı bir imic qazanın
Müştərilərinizi peşəkarlığınız və davranışlarınızla təsirləndirə bilərsiniz. Yaxşı bir imic qazanmaq üçün etibar mühiti yaradın və müştəriləri sözlərinizlə deyil, əməl etdiklərinizlə inandırın.
Başlamaq üçün heç vaxt gec deyil
Bir çox uğurlu sahibkar karyerasına yaşlı vaxtında başlayıb. Məsələn, J.K. Rowling (Harry Potter müəllifi) və Sam Walton (Wal-Mart-ın qurucusu) kimi şəxslər markaya çevrildikdən sonra həyatlarının qalan hissəsini rahatlıqla yaşayıblar. Yaşla birlikdə gələn təcrübə sizə işinizdə unikal bir baxış bucağı qazandıra bilər. Gənc sahibkarlar təhsilli olsalar belə, həyat təcrübələri olmadığı üçün bəzən gələcəyi düzgün görə bilmirlər.
Güclü komanda qurun
Marka tanıtımınızı gücləndirəcək bacarıq və davranışlara sahib əməkdaşlar işə götürməyiniz nüfuzunuzu artıracaq. Bundan əlavə, şirkətdən kənarda da etibar etdiyiniz və birgə işlədiyiniz insanlarla əlaqədə olun.Güclü komanda sizin biznesinizi çiyinlərində daşıyaraq daha yüksək zirvələrə aparacaq.
Davranışlarınıza diqqət yetirin
Qurucunun münasibəti və davranışı şirkətin səs tonunu müəyyənləşdirəcək. Mənfi ruh hali və tənbəllik kimi davranışlar zaman və pul itkisinə səbəb olmaqla yanaşı, imicinizi də zədələyir. Uğur böyük ölçüdə səhv etməməyə və səhv etdikdə məsuliyyəti qəbul etməyə bağlıdır. Sadə bir sahibkarı liderə çevirən xüsusiyyət, məsuliyyət alması və çətinliklərə qarşı dayanıqlı olmasıdır.
Biznes qurmaq həssas və məsuliyyətli bir prosesdir. Yuxarıdakı bütün ipucları uğur üçün vacib olsa da, həm zehni, həm də fiziki cəhətdən özünüzə diqqət göstərmək də şərtdir. İdman, yuxu və qidalanma bu strategiyaları uğurla həyata keçirməyə yardımçı olan əsas amillərdir. Bunlar həm davranışlarınızı, həm motivasiyanızı, həm də münasibətlərinizi nizamlamağa kömək edir.
Uğurlu rəhbərlər səhər tezdən qalxmaq, idmanla məşğul olmaq və həftənin bəzi axşamlarında sosiallaşmaq üçün strukturlaşdırılmış gündəlik planlara əməl etməyə meyllidirlər.
Düzgün tarazlığı tapmaq bir az zaman ala bilər, lakin əgər bir şirkət qurmaq istəyirsinizsə, bu siyahı üzərində çalışmağınız fərq yaradacaqdır.