Yaponiyanın açıq sularında aparılan bir araşdırma dəniz quşlarının tualet ehtiyaclarını yalnızca havada qarşılayaraq bunu müəyyən fasilələrlə təkrarladıqlarını üzə çıxarıb. Bəs bu kəşf bizim üçün nə deməkdir?
HİT.az xəbər verir ki, Tokio Universitetindən tədqiqatçı Leo Uesaka və komandası “ağ üzlü yelkovan” adlanan bir dəniz quşu üzərində müşahidələr apararkən maraqlı bir davranışa şahid olub: quşlar dörd-on dəqiqəlik aralıqlarla müntəzəm şəkildə yalnız uçarkən nəcisləyirlər. Hətta suyun üzərində dincələn vəziyyətdə belə ehtiyac yarananda qısa müddətlik havaya qalxaraq bu prosesi həyata keçirirlər.
Əslində araşdırmanın başlanğıc məqsədi bu deyil. Komanda Funakoshi Oşima adasında yaşayan yelkovanların suyun üzərindən qalxarkən ayaqlarını necə istifadə etdiyini öyrənmək üçün onların gövdəsinə kiçik kameralar yerləşdirib. Ancaq toplanan görüntülərdə bu davranış o qədər tez-tez və nizamlı şəkildə təkrarlandı ki, ayrıca tədqiqat mövzusuna çevrilib.
Uesaka deyib: “Başlanğıcda belə bir müşahidə aparmaq niyyətimiz yox idi. Lakin çəkilişlərdə bu davranış təkrar-təkrar qarşımıza çıxanda üzərində dayanmaq qaçılmaz oldu”.
İndiyədək quş nəcisi ilə bağlı aparılan araşdırmalar əsasən quru quşlarına yönəlib. Bu iş isə dəniz quşlarının dəniz üzərindəki vərdişlərini detallı araşdıran ilk nümunələrdən biri oldu. İstifadə edilən metod da diqqət çəkir: əslində kamera quşların ayaq hərəkətlərini izləmək üçün quraşdırılmışdı, amma nəticədə həzm sistemi barədə də aydın məlumat verib.
Bu davranışın səbəbi barədə dəqiq açıqlama yoxdur. Alimlər bunun uçuş zamanı bədən tarazlığı ilə və ya su üzərində qalma çətinlikləri ilə bağlı ola biləcəyini düşünür. Oxşar uçuş qabiliyyətinə malik albatros kimi digər dəniz quşlarında da eyni meylin ola biləcəyi ehtimal edilir.
Araşdırma yalnız heyvan davranışları deyil, ekosistem baxımından da önəm daşıyır. Dəniz quşlarının nəcisi yüksək dərəcədə azot və fosfor ehtiva edir ki, bu da sahil ekosistemlərində təbii gübrələmə rolunu oynaya bilər. Digər tərəfdən, quş qripi kimi xəstəliklərin nəcis yolu ilə yayılması göç edən quşlar vasitəsilə geniş ərazilərə daşına bilir. Buna görə bu davranışın öyrənilməsi həm təbiət vərdişlərinin, həm də yoluxucu xəstəliklərin yayılma yollarının anlaşılmasına yardım edə bilər.
Uesaka, mövzunun ilk baxışda qəribə və əhəmiyyətsiz görünsə də, belə müşahidələrin heyvan həyatına dair gözlənilməz dərəcədə önəmli detalları üzə çıxardığını vurğulayır.
Samir