JWCT-dan bir yeni kəşf daha: Bu dəfə Urana aid...

MARAQLI
12:02 / 22.08.2025
58

Uranın ətrafındakı peyklərin sayı bir daha dəyişib. 

HİT.az xəbər verir ki, Ceyms Uebb Teleskopunun (JWCT) müşahidələri əvvəllər aşkar edilməmiş kiçik bir peykin mövcudluğunu ortaya qoyub. Bu kəşflə birlikdə Uranın məlum olan peyk sayı 29-a çatıb.

Planetin peykləri ilə bağlı tarixçəyə baxdıqda, kəşflərin aralıqlı və olduqca uzun müddətlərə yayıldığı görünür. Uran kəşf edildikdən cəmi altı il sonra, 18-ci əsrin sonunda Uilyam Herşel ilk iki peykini müşahidə edib. O dövrdə dörd peyk təyin etdiyini düşünsə də, bu peyklərdən ikisinin həqiqətən də qeydə alınması üçün 60 ildən çox vaxt keçməli idi. Davam edən illərdə cəmi bir yeni peyk daha kəşf edilə bilib

Əsl sıçrayış, 1986-cı ildə "Voyajer 2" kosmos gəmisinin Uranın yanından keçməsi ilə baş verdi. "Voyajer 2"nin ötürdüyü məlumatlar sayəsində, əvvəllər məlum olmayan 10 peyk birdən təyin olunub. Beləliklə, Uranın peyklərinin sayı birdən-birə 15-ə çıxıb. O dövrdə aparılan təhlillər, planetin ətrafında daha çox sayda kiçik peyklərin ola biləcəyinə də işarə edir. Sonrakı illərdə həm yerə əsaslanan teleskoplarla, həm də Habbl Kosmos Teleskopunun töhfəsi ilə bu say 27-ə qədər çıxıb. Lakin bundan sonra uzun müddət yeni bir kəşf edilə bilməyıb. Tam 21 il sonra, ötən il 28-ci peyk aşkar edilib və indi də JWST-nin müşahidələri ilə 29-cu peyk qeydələrə keçib.

Bu yeni peyk, Urandan təxminən 56,000 kilometr məsafədə, planetin ekvatoruna yaxın, olduqca nizamlı bir orbit izləyir. Müşahidələr onun Ofeliya və Bianka peyklərinin orbitləri arasında yerləşdiyini göstərir. Bu xüsusiyyəti ilə Urana ən yaxın üçüncü peyk kimi seçilir. Diametrinin təxminən 10 kilometr olduğu təxmin edilən peykin, "Voyajer 2" tərəfindən aşkar edilə bilməməsi onun ölçüsünə və aşağı parlaqlığına bağlanır. Alimlər belə nizamlı bir orbitin, peykin Uranın yaxın ətrafında yarandığına işarət etdiyini düşünür.

Ceyms Uebb-in bu kəşfi, təkcə yeni bir peyki ortaya çıxarmaqla qalmayıb, həm də Uran sistemi daxilində daha kiçik peyklərin mövcudluğuna dair ipuçlarını gücləndirib. SETI İnstitutundan Dr. Metyu Tiskareno, Uranın qeyri-adi dərəcədə çox sayda daxili peykə sahib olduğunu və bu kiçik peyklərin planetin halqaları ilə mürəkkəb əlaqələrdə olduğunu vurğulayır. Bu vəziyyətin, Uranın peyk və halqa sistemləri arasında aydın bir sərhəd çəkməyin çətin olduğu, dinamik və mürəkkəb bir keçmişə malik olduğunu göstərdiyini ifadə edir.

Yeni kəşf edilən peyk, Uranın böyük peyklərindən biri olan Mirandanın orbitinin də içərisində yerləşir. Bu mövqeyi ilə, sistemdə məlum olan ən daxili orbitlərdən birində dövr edən 14-cü kiçik peyk kimi təsnif edilib. İndiyə qədər təyin edilmiş digər daxili peyklərdən də kiçik olması, Uranus ətrafında hələ də kəşf edilməyi gözləyən başqa cisimlərin ola biləcəyi ehtimalını gündəmə gətirir.

NASA-dan Dr. Maryam El Mutamid fevral ayında Ceyms Uebb tərəfindən alınan 40 dəqiqəlik müşahidə məlumatlarında, bir nöqtənin aydın şəkildə hərəkət etdiyinin müəyyən edildiyini və bunun güclü bir dəlil kimi qiymətləndirildiyini bildirir. Hətta kəşf hələ elmi nəzarət prosesindən keçməsə belə, məlumatlar işığında ciddi şəkildə nəzərə alınması lazım olan bir tapıntı olduğu ifadə edilir.

Uranıbn indiyə qədər məlum olan peyklərinə, adətən Şekspirin pyeslərindəki personajların və ya Aleksandr Popun bir şeirindəki fiqurların adları verilmişdi. Yeni peykin də bu ənənəni davam etdirməsi gözlənilir. Lakin bəzi alimlər, halqalara belə yaxın bir mövqedə yerləşməsi və qarşılıqlı təsir potensialı səbəbi ilə, zarafatla bu dəfə bir Tolkien personajının adının düşünülə biləcəyini dilə gətirir.

Samir

0