Günəş Sisteminin sərhədləri zənn edildiyi qədər aydın xətlərlə müəyyən edilməyib.
HİT.az xəbər verir ki, Günəşdən uzaqlaşdıqca onun kütlə cəzbetmə təsiri tədricən azalır və bu təsir müəyyən bir nöqtədə, kosmik gəmilərin ulduzlararası bölgəyə çatmasına kifayət edəcək qədər zəifləyir. Lakin bu uzaq bölgələrdə belə, Günəşin ətrafında dövr edən quyruqlu ulduzlar və böyük səma cisimləri varlığını davam etdirir. Alimlər illərdir ki, bu uzaq, qaranlıq bölgələrdə nələr baş verdiyini anlamağa çalışır. Ən son irəli sürülən yeni bir iddia isə olduqca maraq doğurur: Günəş Sistemində daha əvvəl kəşf edilməmiş yeni bir planet ola bilər.
Bu mümkün planet, ictimaiyyətin illərdir eşitdiyi "Doqquzuncu Planet" və ya digər adı ilə "Planet X"-dən fərqlidir. Planet X-in Yerdən böyük, lakin Neptundan kiçik olduğu güman edilir və onun Günəşə olan məsafəsinin Yerin Günəşə olan məsafəsindən ən az 300 qat çox olduğu fərziyyəsi irəli sürülür. Bu fikir elm dünyasında uzun müddətdir müzakirə olunur. Lakin yeni tədqiqatda gündəmə gələn fərziyyəvi planet bu qədər uzaq deyil və ölçü baxımından da daha təvazökardır.
Tədqiqatçılar qrupu bu yeni ehtimalı təsvir etmək üçün “Planet Y” adını təklif edir. Səbəbi sadədir: “Planet X” adı artıq böyük ölçüdə Doqquzuncu Planet hipotezi ilə eyniləşdirilib. Buna görə də alimlər yeni məlumatların işarə etdiyi mümkün fərqli bir planet üçün ayrıca bir təyinat ehtiyacı hiss edirlər.
Tədqiqatın əsas diqqət mərkəzində Neptunun kənarındakı uzaq səma cisimlərinin, yəni Trans-Neptun cisimlərinin (TNO) orbitlərində müşahidə edilən incə, lakin diqqətçəkən bir əyilmə durur. Bu cisimlər Günəşin ətrafında, Yer-Günəş məsafəsinin 50 ilə 400 qatı uzaqlıqlarda fırlanır. Tədqiqatçılar bu cisimlərin orbitlərini ətraflı şəkildə araşdırıblar və Neptunla müəyyən bir orbit rezonansına girənləri təhlildən kənarda qoyublar. Beləliklə, xarici təsirlərə daha az məruz qalan cisimlərin paylanması öyrənilib.
Üzə çıxan mənzərə olduqca maraqlıdır. Yer-Günəş məsafəsinin 80 ilə 200 qatı uzaqlıqda dövr edən cisimlərin orbitlərində, Günəş Sisteminin müstəvisinə nisbətən təxminən 15 dərəcəlik bir əyilmə müşahidə edilib. Statistik cəhətdən bu əyilmənin tamamilə təsadüfi olma ehtimalı cəmi 2%-dir. Bu da astronomları bu əyilməni izah edə biləcək başqa bir amil axtarışına yönəltib.
Ən güclü ehtimallardan biri bu bölgədə, Merkuri ilə Yer arasında bir kütləyə malik bir planetin tapılmasıdır. Əgər belə bir planet həqiqətən varsa, onun orbiti çox güman ki, 100 ilə 200 astronomik vahid arasında yerləşir. Tədqiqata görə, Pluton ölçülərində bir cisim də bu təsiri yarada bilər, amma bu ssenarinin ehtimalı çox daha aşağıdır. Digər tərəfdən, daha böyük bir planet olsaydı, bu əyilmənin 50 ilə 80 astronomik vahid aralığında da müşahidə edilməli idi və çox güman ki, indiyə qədər kəşf edilərdi.
Bu cür bir planetin mövcudluğu daha əvvəl də bəzi müstəqil tədqiqatlar ilə gündəmə gəlmişdi. Lakin bu son təhlil statistik məlumatlarla bu ehtimalı bir az daha gücləndirir. Üstəlik, qarşımızdakı illərdə bu sirli planetin həqiqətən var olub-olmadığı haqqında çox daha konkret nəticələr əldə edilə biləcək.
Yaxın zamanda fəaliyyətə başlayacaq Vera C. Rubin Rəsədxanası bu cür kəşflər üçün xüsusi olaraq hazırlanıb. Rəsədxananın həyata keçirəcəyi "Legacy Survey of Space and Time" (LSST) adlı hərtərəfli skan proqramı göy səmasının çox böyük bir hissəsini uzunmüddətli olaraq müşahidə edəcək. Əgər Planet Y, LSST-nin müşahidə sahəsi daxilindədirsə, bu yeni səma cismi qarşımızdakı bir neçə il ərzində kəşf edilə bilər. Əks halda belə, bu planetin yaratdığı orbit təsirləri özünü Koyper Kəmərinin ümumi quruluşundakı dəyişikliklərlə büruzə verə bilər.
Tədqiqatın nəticələri nüfuzlu elmi jurnallardan biri olan Monthly Notices of the Royal Astronomical Society tərəfindən dərc edilmək üçün qəbul edilib və artıq ArXiv saytında ön oxu üçün əlçatandır.
Samir