Müasir dövrdə ən böyük yumurta qoyan heyvan dəvəquşudur. Qeydə alınmış ən böyük yumurtanın çəkisi 2,589 kiloqram təşkil edir.
HİTaz xəbər verir ki, lakin "IFLScience"ın məlumatına görə, əvvəllər Yerdə daha da böyük yumurta qoyan heyvanlar yaşayıb.
Xüsusilə, təxminən 1000 il əvvəl Madaqaskarda yaşamış epiornislər (fil quşları) 900 kiloqramdan çox çəkiyə malik olublar. Bu quşların yumurtaları təqribən toyuq yumurtasından 150 dəfə böyük olub. Onların uzunluğu 33 santimetrə çata bilər və təxminən 7,5 litr maye tutumuna malikdir.
Nəşrdə qeyd olunub ki, fil quşunun yumurtası Buffalo Tarix Muzeyinin kolleksiyasında saxlanılır. O qədər böyükdür ki, əvvəlcə heç kim onun həqiqi olduğuna inanmayıb.
Həmçinin, 60 milyon ildən çox əvvəl yaşamış dəniz sürünənlərinin bir növü nəhəng yumurtalar qoyub. Alimlər Antarktidadan futbol topu ölçüsündə olan belə yumurtalardan birini aşkar ediblər.
"O, böyük bir dinozavrın ölçüsünə malik heyvana məxsus idi, lakin heç də dinozavr yumurtasına bənzəmir", deyə Texas Universitetinin Ostindəki Jackson Yer Elmləri Məktəbindən doktorantura sonrası tədqiqatçı Luka Lejandır bildirib.
Həmçinin, Beibeilong sinensis adlanan uçmayan oviraptorozavr da xatırlanmağa layiqdir. Nəşrdə onun 90 milyon il əvvəl yaşadığı və müasir dəvəquşu yumurtalarından dörd dəfə böyük yumurtalar qoyduğu barədə məlumat verilib. Onların diametri təxminən 45 santimetr təşkil edib.
Samir