Alimlər dünya xarici həyatla bağlı ən ümidverici kəşflərdən birinə imza atıblar.
HİT.az xəbər verir ki, Yer kürəsindən təxminən 40 işıq ili uzaqlıqda yerləşən və "Dünyaya ən çox bənzəyən planet" kimi təqdim olunan TRAPPIST-1e, Ceyms Uebb Kosmik Teleskopu (JWST) ilə ətraflı şəkildə araşdırılıb.
2016-cı ildə kəşf edilən TRAPPIST-1 sistemi, Yer ölçüsündə və qayalıq quruluşa sahib yeddi planetdən ibarətdir. Yeni müşahidələr TRAPPIST-1e-nin nə Venera, nə də Mars kimi sıx karbon qazı atmosferinə malik olmadığını, əksinə Yerdəki kimi azot əsaslı atmosferə sahib ola biləcəyini göstərib.
Alimlər JWST vasitəsilə planetin dörd keçid müşahidəsini incələyiblər. Nəticələrin hələ tam dəqiqlik qazanmadığı, planetin ya atmosferli, ya da tamamilə atmosferdən məhrum qayalıq səthli ola biləcəyi bildirilib. Lakin məlumatlar azot baxımından zəngin, az miqdarda karbon qazı və metan içərən atmosfer ehtimalını gücləndirib.
Massaçusets Texnologiya İnstitutundan (MIT) astronom Sara Seager mövzu ilə bağlı belə deyib: “TRAPPIST-1e ən ümidverici yaşanabilir zonadakı planetlərdən biridir və bu nəticələr bizi bir addım irəli aparır”.
MIT-dən astrofizik Ana Glidden isə vurğulayıb: “Artıq 40 işıq ili uzaqlıqda yerləşən Yer ölçüsündə planetlərin atmosferlərini incələyə bilirik. Bu, yeni bir kəşf çağının başlanğıcıdır”.
Tədqiqatçılar qarşıdakı dövrdə JWST ilə aparılacaq əlavə müşahidələrin nəticələri dəqiqləşdirəcəyini qeyd ediblər.
Samir