İnkişaf etmiş bir mədəniyyət tapmaq niyə bu qədər çətindir?

MARAQLI
14:10 / 30.09.2025
46

Kainatın hardasa inkişaf etmiş yad mədəniyyətlərinin olub-olmadığı sualı elm aləminin əsas suallarından biri olmaqda davam edir. Lakin bu suala verilən cavablar hər yeni tədqiqatla bir az daha mürəkkəbləşir. Son olaraq, Avstriya Elmlər Akademiyasından tədqiqatçılar ağıllı həyatın yarana bilməsi üçün lazım olan şəraitin təsəvvür ediləndən daha nadir ola biləcəyini irəli sürüb.

HİT.az xəbər verir ki, Manuel Şerf və Helmut Lammer tərəfindən həyata keçirilən araşdırma bu ay Helsinki şəhərində təşkil edilən Europlanet Elmi Konqresində təqdim edilib. Tədqiqata görə, inkişaf etmiş həyat formalarının yaranması təkcə maye suyun olması ilə izah edilə bilməyəcək qədər mürəkkəb şərait tələb edir. Xüsusilə də Yerdə olduğu kimi texnoloji bir mədəniyyətin təkamül edə bilməsi üçün bir planetin müəyyən ekoloji və kimyəvi tarazlığı uzun müddət qoruyabilməsi şərtdir.

Tədqiqatın əsas nəticələrindən biri ondan ibarətdir ki, tektonik lövhələr inkişaf etmiş biosferin qorunub saxlanılmasında həlledici rol oynayır. Bu geoloji proses atmosferdəki karbon qazının miqdarını tənzimləməklə planetin temperaturunun nəzarət altında saxlanılmasını təmin edir. Əgər atmosferdə kifayət qədər karbon qazı olmasa, fotosintez dayana bilər; artıq karbon qazı isə parnik effekti ilə planeti yaşanılmaz hala gətirə bilər.

Lakin təkcə tektonik lövhələr belə kifayət deyil. Çünki zaman keçdikcə, planetin atmosferindən kifayət qədər karbon qazı çəkilib alına bilər və bu da fotosintezin sona çatmasına səbəb ola bilər. Şerfin hesablamalarına görə, Yerdə bu təxminən 200 milyon il ilə 1 milyard il arasında bir müddətdə baş verəcək. Buna görə də, ağıllı həyatın yaranması üçün lazım olan müddətlə müqayisədə daha uzunömürlü bir biosfer inkişaf etmiş həyatın təkamülü baxımından həyati əhəmiyyət kəsb edir. Yerdə bu proses təxminən 4,5 milyard il davam edib.

Tədqiqatda diqqət çəkən digər bir məqam isə atmosferin tərkibidir. Texnoloji bir mədəniyyətin yarana bilməsi üçün təkcə canlıların sağ qalması üçün əlverişli şərait deyil, həm də müəyyən bir atmosfer quruluşu lazımdır. Xüsusilə də oksigenin tarixi prosesdə texnoloji inkişaf baxımından əsas rol oynadığı vurğulanır.

Qeyd olunur ki, oksigen təkcə tənəffüs üçün deyil, həm də odun/alovun olması üçün həlledici bir amildir. Atmosferdəki oksigen miqdarı 18%-dən aşağı düşdükdə, alovun davam etdirilə bilməsi çətinləşir. Bu da metal emalı, yemək bişirmə, istiləşmə və müxtəlif alət-əşya istehsalı kimi bir çox texnoloji addımın həyata keçirilməsini mümkünsüz edə bilər.

Komanda, müxtəlif atmosfer və planet şəraiti altında biosferlərin nə qədər müddət davam edə biləcəyini və bu müddətin texnoloji mədəniyyətlərin təkamülü üçün kifayət edib-etməyəcəyini görmək məqsədilə modellər hazırlayıb. Nəticələr göstərib ki, Süd Yolu qalaktikasında Yerə bənzər ağıllı bir mədəniyyətin olma ehtimalı olduqca aşağıdır.

Hesablamalara görə, əgər belə bir mədəniyyət varsa, bizə ən yaxın olanı təxminən 33,000 işıq ili uzaqlıqda ola bilər. Bundan əlavə, bu mədəniyyətin bizimlə eyni zaman aralığında mövcud olması üçün ən azı 280,000 il, bəlkə də daha uzun bir müddət ərzində yaşayıb sağ qalması lazımdır.

Başqa sözlə, təkcə uyğun planet şəraitinin olması deyil, həm də bu şəraitin milyardlarla il ərzində sabit qalabilməsi lazımdır. Bu da kainatdakı ağıllı həyat ehtimalını olduqca məhdudlaşdırır.

Tədqiqatçılar bütün bunlara baxmayaraq, Yerdən kənar ağıl axtarışlarının (SETI) davam etdirilməsi lazım olduğu fikrindədirlər. Şerf deyir: "Ağıllı həyat formaları kainatda nadir ola bilər, amma bunu əminliklə öyrənməyin yeganə yolu onları axtarmaqdır". 

Onun fikrincə, əgər bu axtarışlar nəticəsiz qalarsa, bu, mövcud nəzəri çərçivənin gücləndiyi mənasını verər. Lakin əgər bir iz tapılsa, bu, bəşəriyyət tarixi baxımından elmi mənada ən böyük dönüş nöqtələrindən biri ola bilər.

Samir

0