Massaçusets Texnologiya İnstitutunun (MIT) geokimyaçıları qədim qayalarda dəniz süngərlərinin əcdadlarının yer üzündəki ilk heyvanlar arasında ola biləcəyinə dair yeni dəlillər aşkar ediblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
Mütəxəssislər 541 milyon ildən çox yaşı olan çöküntü süxurlarında kimyəvi fosillər - Prekembri dövründən bəri qorunan biomolekulların izləri - müəyyən ediblər. Bunlar heyvan hüceyrə membranlarında olan sterolların (xolesterol daxil olmaqla) sabit törəmələri olan xüsusi steran növləridir.
Tədqiqat göstərib ki, bu birləşmələr mənşəcə biolojidir və Demospongia sinfinə aid müasir dəniz süngərləri üçün xarakterik olan molekullara uyğun gəlir. Onlar biroxlu silisium tikanlarından və spongin adlı üzvi maddədən və ya tək süngər liflərindən ibarət skelet ilə xarakterizə olunur. Skelet bədən üçün torşəkilli və ya daha az yaygın olaraq ağacvari bir quruluş meydana gətirir.
Alimlər Oman, Hindistan və Sibirdən götürülmüş qaya nümunələrini təhlil edərək iki növ sterol izi aşkar ediblər: C30 və daha nadir olan C31. Müasir süngərlərlə müqayisələr, həmçinin laboratoriya sintezi və geoloji proseslərin modelləşdirilməsi belə birləşmələrin yalnız canlı orqanizmlərdə əmələ gələ biləcəyini təsdiqlənib.
"Biz bu canlıların necə göründüyünü dəqiq bilmirik, lakin hər şey onların skeleti olmayan yumşaq bədənli dəniz orqanizmləri olduğuna işarə edir", deyə tədqiqat müəllifi, MIT geobiologiya professoru Roger Summons bildirib.
Nəticələr süngərlərin təxminən 540 milyon il əvvəl həyatın müxtəlifliyində dramatik artım olan "Kembri partlayışından" çox əvvəl ortaya çıxdığı fərziyyəsini dəstəkləyir. Komanda indi oxşar molekulyar izlərin axtarışını davam etdirməyi planlaşdırır.
Samir