Amerikalı cərrah-stomatoloq, doktor Con Sottosanti bildirib ki, Turin kəfənində alt dişlərin cizgiləri görünür və bu, İsanın dirilmə anında enerjinin güclü partlayışı nəticəsində yaranmış ola bilər.
Hit.az "Daily Mail"ə istinadən xəbər verir ki, həkim bu müşahidəni İtaliyada Turin kəfəninin sərgisini ziyarət edərkən edib.
Xristian ənənəsinə görə, bu qədim kətan parça İsa Məsihin çarmıxa çəkildikdən sonra bədəni sarındığı kəfəndir.
Sottosanti qeyd edib ki, diqqətlə baxdıqda insan dişlərinin solğun konturlarını görmək mümkündür. Onun sözlərinə görə, bu, ölüm anından sonra çənə əzələlərinin boşalması ilə izah oluna bilər: "İnsanın ölümündən dərhal sonra bədənin əzələləri, o cümlədən çənə əzələləri boşalır. Bu da çənənin açılmasına və dişlərin görünməsinə səbəb ola bilər".
Lakin alim daha cəsarətli bir fərziyyə də irəli sürüb: O, hesab edir ki, kəfəndəki diş təsviri İsanın dirilməsi zamanı baş vermiş enerjinin güclü şüalanması nəticəsində əmələ gəlib.
"Əgər doğrudan da dişlər görünürsə, bu, dirilmə anında enerjinin parlaması nəzəriyyəsini təsdiqləyir," deyə Sottosanti bildirib.
Bir çox alimlər bu iddiaya ehtiyatla yanaşır. İmmunoloq Kelli Kirs qeyd edib ki, dişlərin görünməsi məsələsi artıq onilliklərdir mübahisə doğurur, çünki kətanın teksturası səbəbindən real konturları kölgə və naxışdan ayırmaq çətindir.
Bununla belə, Sottosanti əvvəlki bir sıra araşdırmalara istinad edir. O xatırladır ki, 1982-ci ildə kimyaçı Cails Karter kəfəndəki təsvirin bədənin daxildən buraxdığı rentgen şüalarına bənzər radiasiya nəticəsində yarandığını fərz etmişdi. 1990-cı illərdə isə tədqiqatçılar Alan və Meri Vanqer poliarizasiya üsulu ilə apardıqları analizlərdə kəfəndə 20-yə yaxın dişin, hətta bəzi köklərin görünə bildiyini qeyd etmişdilər.
Turin kəfənindəki solğun insan silueti çarmıxa çəkilmə təsvirlərinə uyğun gəlir – biləklərdə və bədəndə deşik izləri, eləcə də tikanlı tacın buraxdığı izlər aydın görünür.
1980-ci illərdə aparılan radiokarbon təhlili parçanın yaşını təxminən XII–XIV əsrlər aralığında müəyyən etsə də, bir çox mütəxəssislər bu hissənin sonrakı bərpa zamanı əlavə edilmiş parça ola biləcəyini bildirirlər.
XIV əsrdə cəngavər Coffrua de Şarninin kəfəni ilk dəfə ictimaiyyətə təqdim etməsindən bəri bu relikviya həm tarixçiləri, həm də ilahiyyatçıları və skeptikləri hələ də valeh edir.
"Bu, sadəcə anatomik detal deyil, fizikanın sərhədlərini aşan bir enerji izidir", deyə Sottosanti nəticə çıxarıb.
Samir