Kişilər və qadınlar bir-birlərində ilk baxışdan nəyi ən cəlbedici hesab edirlər?

MARAQLI
22:57 / 16.10.2025
36

Romantik tərəfdaşın seçimi bir çox amillərdən asılıdır. Şəxsi keyfiyyətlər, maraqlar və ya yumor hissi insanın cazibədarlığını artıra bilsə də, bir çox insanın şüuraltında formalaşmış “tipi” ilk vizual təəssürata təsir göstərir. Tədqiqatlar göstərib ki, kişilər və qadınlar üz cizgilərinin hansı xüsusiyyətlərini ən çox cəlbedici hesab edirlər.

Hit.az xəbər verir ki, araşdırma “The Laryngoscope” jurnalında dərc olunub.

Mayo klinikasının tədqiqatçıları üzün qiymətləndirilməsi zamanı baxışların hansı hissələrdə cəmləndiyini müəyyən etməyə çalışıblar.

Tədqiqata 154 nəfər qatılıb. Onlara müxtəlif irq və yaş qruplarına (20–60 yaş) aid 40 üzün fotoları 10 saniyə ərzində göstərilib. Şəkillərdə mimika və kosmetika olmadan neytral ifadəli insanlar təsvir olunub. Əvvəlki təcrübələrdən fərqli olaraq, bu dəfə iştirakçılara yalnız ayrı-ayrı üz hissələri deyil, bütün üz təqdim edilib.

İştirakçılar üç qrupa bölünüb. Birinci qrup (47 nəfər, orta yaş 35) üzlərin cəlbediciliyini qiymətləndirib. İkinci qrup (50 nəfər) kosmetik müdaxilə izlərini axtarıb. Üçüncü, nəzarət qrupu (57 nəfər) isə heç bir təlimat almayıb. Xüsusi kameralar baxış istiqamətlərini izləyib və diqqətin üzün hansı hissəsində toplandığını qeydə alıb.

Nəticələr göstərib ki, bütün iştirakçılar əsasən üzün mərkəzi hissələrinə – gözlərə, buruna və dodaqlara baxıblar. Lakin cəlbediciliyi qiymətləndirənlər digər qruplara nisbətən daha çox aşağı hissələrə – dodaqlar, burun və yanaqlara diqqət yetiriblər.

Dərin təhlil zamanı aydın olub ki, yüksək qiymət verən iştirakçılar baxışlarını daha çox gözlərə, dodaqlara, buruna və saçlara yönəldiblər. Aşağı qiymət verənlər isə daha çox alın və boyun hissəsinə baxıblar.

Cins fərqləri də müşahidə olunub: kişilər qadınların dodaqlarına daha çox diqqət yetirib, qadınlar isə kişilərin gözləri və saçlarına baxmağa üstünlük veriblər.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, araşdırmanın bəzi məhdudiyyətləri var: məsələn, ikiölçülü şəkillər real həyatı tam əks etdirmir, çünki üzlər fərqli bucaqlardan qiymətləndirilir. Bundan başqa, şəxsi təcrübə və zövqlər də baxışlara təsir edə bilər.

Alimlər gələcəkdə üzün simmetriya, dolğunluq və tekstura kimi fərdi xüsusiyyətlərini, həmçinin səs və davranış kimi qeyri-vizual amillərlə əlaqəsini araşdırmağı təklif edirlər ki, insanı cəlbedici edən amilləri daha dəqiq müəyyənləşdirmək mümkün olsun.

Samir

0