50 il əvvəl buraxılan hərbi peyk orbitdən çıxdı - Səbəbi məlum deyil

MARAQLI
15:10 / 20.10.2025
49

Britaniyanın "Skynet-1A" adlı hərbi rabitə peyki naməlum səbəbdən orbitdəki yerini dəyişib. Peyk əvvəllər 40° şərq uzunluğu ətrafında geostasionar orbitdə qalmalı idi, lakin hazırda tamamilə başqa mövqedə yerləşir.

Hit.az xəbər verir ki, 1969-cu ildə Böyük Britaniya tərəfindən buraxılmış "Skynet-1A" hərbi rabitə peyki Britaniya Silahlı Qüvvələri üçün məlumat ötürmək məqsədilə Afrikanın şərq sahili üzərində orbitə çıxarılmışdı. O, istismara verildikdən təxminən 18 ay sonra texniki nasazlıqlar səbəbindən fəaliyyətini dayandırıb və orbitdə tərk edilib. Hazırda bu peyk kosmosda hələ də mövcud olan ən qədim Britaniya kosmik aparatıdır.

1970-ci illərdə peyk 40° şərq uzunluğu nöqtəsində sabit orbitdə izlənirdi. Lakin indi o, gözlənilməz şəkildə başqa bir mövqedədir. Peyk sistemləri üzrə mühəndis doktor Stüart İvsin sözlərinə görə, əgər peyk həmin nöqtədə sıradan çıxmış olsaydı, onun təxminən 75° şərq uzunluğu ətrafında ±35° dairəsində yellənməsi gözlənilirdi. Halbuki Böyük Britaniyanın reyestrinə əsasən, "Skynet-1A" hazırda 105° qərb uzunluğu nöqtəsində yerləşir və bu nöqtədən cüzi dərəcədə yayınır.

Hazırda peyk təxminən 36 min kilometr yüksəklikdə, Amerika qitəsi üzərindədir. Görünür, illər ərzində kimsə onu hərəkətə gətirib, lakin bunun nə vaxt, kim tərəfindən və hansı məqsədlə edildiyi məlum deyil. Peykin izlənməsi xüsusilə 1970-ci illərin ortalarında natamam olub və həmin dövrdə baş verdiyi ehtimal edilən manevrlə bağlı qeydlər itib.

"IFLScience" nəşrinin məlumatına görə, peyk həm Böyük Britaniya, həm də ABŞ tərəfindən birgə hazırlanıb və idarə olunub.

Mütəxəssislər bildirirlər ki, peykin kim tərəfindən və nə vaxt hərəkət etdirildiyi gələcəkdə mühüm məsələ ola bilər. Çünki o, hazırkı orbitində digər peyklərlə toqquşma riski yaradır. Belə toqquşma halında, peykin mühərriklərinin işə salınması barədə əmri hansı tərəfin verdiyi müəyyən edilərsə, bu, zərərin məsuliyyətini daşıyacaq ölkəni də müəyyənləşdirəcək.

Bundan əvvəl kosmik müşahidəçilər bildirmişdilər ki, "İlon Mask"ın "Starlink" layihəsinə məxsus gündə təxminən dörd peyk Yerə düşür. "SpaceX" şirkəti öz kosmik internet şəbəkəsini genişləndirdikcə, bu göstəricinin gündə beş peykədək artacağı gözlənilir.

Samir
 

0