Zamanla bir gəminin bütün hissələri yenilənərsə, onun hələ də eyni gəmi olduğu deyilə bilərmi? Bu fəlsəfi “Theseus paradoksu” Yer planeti üçün də tez-tez müzakirə olunur.
Hit.az xəbər verir ki, elmi dairələrdə geniş yayılmış fikrə görə, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə bir asteroidin toqquşması nəticəsində proto-Yer tamamilə “sıfırlanıb” və əvvəlki kimyəvi quruluşundan heç nə qalmayıb.
Lakin yeni kəşf bu köklü anlayışı tamamilə dəyişə bilər. ABŞ, Çin və İsveçrədən olan beynəlxalq tədqiqat qrupu “Nature Geoscience” jurnalında dərc olunan məqalələrində milyardlarla il ərzində baş verən geoloji dəyişikliklərə baxmayaraq möcüzəvi şəkildə qorunub qalmış qədim kimyəvi bir imzanın aşkarlanmasını elan edib. Alimlər antik süxur nümunələrində müasir Yer kimyası ilə izah edilə bilməyən qəribə kalium izotopu balanssızlığı aşkar ediblər.
Toqquşmadan sonra qalan kalium anomaliyası
Uzun müddətdir ki, planet alimləri nəhəng toqquşmanın Yer kürəsini sözün əsl mənasında astronomik miqyasda dəyişdirdiyini düşünürdülər. Ümumi qənaətə görə, bu toqquşmanın yaratdığı yüksək istilik və təzyiq altında proto-Yeri təşkil edən bütün maddələr ya tamamilə yeni formaya düşüb, ya da hazırkı materiallarla əvəzlənib. Bu “kimyəvi sıfırlanma”nın planetimizdə həyatın yaranmasına şərait yaratdığı qəbul olunurdu.
Tədqiqatçılar qədim Yerin tarixini daha dərindən anlamaq üçün kalium elementinə diqqət yetiriblər. Adətən kalium “Kalium-39” və “Kalium-41” izotoplarının müəyyən nisbətində olur. Əvvəlki araşdırmalar göstərmişdi ki, meteoritlər kimi Yer mənşəli olmayan cisimlər adətən bir qədər yüksək “Kalium-40” tərkibli profillərə malikdir.
Bu bilgidən çıxış edən komanda Qrenlandiya və Kanadadakı qədim süxurları, eləcə də Havay adalarındakı lav yataqlarını təhlil edib. Laborator analizləri nəticəsində alınan kalium profili isə elm adamlarını heyrətləndirib. Nəticələrdə nə Yer kürəsində, nə də kosmik obyektlərdə daha əvvəl görülməmiş bir xüsusiyyət – “Kalium-41” izotopunun nəzərəçarpan çatışmazlığı müşahidə olunub. Tədqiqatçılar bu anomalini “bir vedrə dolusu sarı qum arasında bircə dənə qəhvəyi qum dənəsi görmək kimi” təsvir ediblər.
Mövcud bütün meteoritlər və geoloji proseslər üzərində aparılan çoxsaylı simulyasiyalar göstərib ki, bu kimyəvi tərkibin təbii yolla yaranması mümkünsüzdür. Məqaləyə əsasən, bu materialın varlığına dair ən məntiqli izah onun proto-Yerdən qalma, sağ qalmış qalıq olmasıdır. Başqa sözlə, “Köhnə Dünya”nın izləri bu gün də Yer kürəsinin dərinliklərində mövcud ola bilər.
Tədqiqatın həmmüəllifi, planet alimi Nikol Nay bildirib: “Bu, proto-Yer materiallarının qorunub qaldığına dair bəlkə də ilk birbaşa sübutdur.”
Onun sözlərinə görə, bu qədim kimyəvi imzanın zamanla tədricən silinməsi gözlənilirdi, buna görə də kəşf olduqca təsirli sayılır.
Bununla belə, eyni kalium anomaliliyinə malik qeyri-adi bir meteoritin tapılması da alternativ izah ola bilər. Hər iki halda, bu nəticələr göstərir ki, planetimizin ilk günləri və nəhəng toqquşmanın nəticələri barədə öyrəniləcək çox şey hələ qalır. Ola bilsin ki, bu dərslər kainatı araşdırarkən qəbul etdiyimiz bəzi əsas fərziyyələri yenidən nəzərdən keçirməyimizə səbəb olacaq.
Samir


