Bir çox insanlar toksik münasibətlərə bilərəkdən deyil, uşaqlıqda formalaşan davranış modellərini dərk etmədən təkrarladıqları üçün düşürlər.
Hit.az xəbər verir ki, “Psychology Today” üçün yazan psixoloq Mark Traversin fikrincə, valideynlərdən “miras qalan” bəzi davranış nümunələri yetkin münasibətlər üçün olduqca zərərli ola bilər. İnsanlar tərəfdaşlarını niyə incitdiklərini anlamadan onlara psixoloji zərbə vura bilirlər.
Mütəxəssis etimadı dağıdan iki geniş yayılmış davranış modelini sadalayıb. Onun sözlərinə görə, əgər tərəfdaşınız sizin xahişlərinizə baxmayaraq dəyişmək istəmirsə, bu, ciddi xəbərdarlıq siqnalıdır.
1.Görməməzlikdən gəlmək
Traversin sözlərinə görə, “səssizliklə cəza vermək” münasibətlərdə ən geniş yayılmış, lakin ən toksik təsir formalarından biridir. Belə hallarda tərəfdaş qəsdən ünsiyyəti dayandırır, mesajlara cavab vermir, susur və təmasdan qaçır.
Bu, sakitləşmək üçün fasilə götürmək demək deyil. “Silent treatment” – yəni səssiz münasibət – qarşı tərəfi diqqət çatışmazlığı ilə günahkar hiss etdirmək və cəzalandırmaq üsuludur. Bu davranış çox vaxt uşaqlıqda formalaşır: valideynlərdən biri “səssizliklə cəza” tətbiq edir və digəri üzr istəməyənə qədər ünsiyyəti dayandırır. Sonradan bu model böyüklük həyatına köçürülür.
“Group Processes & Intergroup Relations” jurnalında dərc olunan araşdırma göstərir ki, belə görməməzlik insanın əsas ehtiyaclarını – aidiyyət, özünə hörmət, nəzarət və mənalılıq hissini – təhlükə altına qoyur. Tərəfdaşınız sizi görməzlikdən gəlirsə, hətta yanınızda olsa belə, bu, rədd edilmə kimi qəbul edilir.
Sevən insan fərqli davranır. Əgər tək qalmağa ehtiyac duyursa, bunu açıq şəkildə bildirir, sizi qeyri-müəyyənlik içində qoymur, çünki cəza kimi səssizliyin nə qədər ağrılı olduğunu bilir.
2.Hisslərinizi sizə qarşı istifadə etmək
Həssaslıq – səmimi yaxınlığın təməlidir. İnsan öz qorxularını və qeyri-müəyyənliyini paylaşanda bu, etimad aktıdır. Qarşı tərəfdən anlayış və qayğı gözlənilir. Amma əgər tərəfdaşınız sizin zəif cəhətlərinizi sizə qarşı çevirirsə – onlarla zarafat edir, hisslərinizi kiçildir və ya mübahisə zamanı sizdən eşitdiklərini silah kimi istifadə edirsə – bu, emosional zorakılıq formasıdır.
Belə davranış çox vaxt uşaqlıq təcrübəsindən qaynaqlanır, çünki həmin dövrdə duyğular ifadə ediləndə onlar ya ələ salınıb, ya da görməməzliyə vurulub. Nəticədə insan emosiyalarını gizlətməyin “təhlükəsiz” olduğunu öyrənir və bu modeli böyüklük münasibətlərinə daşıyır.
“Journal of Personality and Social Psychology” jurnalında dərc olunan tədqiqat göstərib ki, həssas olmaq hətta özünə inamlı insanlarda belə narahatlıq yaradır. Çoxları başqalarının onları zəif kimi görəcəyindən qorxur. Hətta tərəfdaşın müsbət reaksiyası belə bu qorxunu dərhal aradan qaldırmır. Əgər anlayış əvəzinə istehza və ya dəyərsizliklə qarşılaşırıqsa, bu, daha dərin emosional yaralar buraxır.
Traversin sözlərinə görə, sevən tərəfdaş sizin səmimiyyətinizi heç vaxt silaha çevirməz. O, sizi dinləyərkən mühakimə etmir, istilıq və dəstək göstərir, açıq olmağınızın təhlükəsiz olduğunu sizə hiss etdirir.
Samir