Amerikalı alimlər sübut ediblər ki, hətta ən zərif qucaqlama belə manipulyasiya vasitəsi ola bilər - əgər onun arxasında psixopat və ya narsis dayanırsa.
HİT.az-ın məlumatına görə, Nyu-York ştatındakı Binqhemton Universitetinin alimləri müəyyən ediblər ki, psixopatiya, narsisizm və makiavellizm xüsusiyyətlərinə malik insanlar fiziki təmasdan — məsələn, qucaqlamaqdan, əlinə və ya çiyninə toxunmaqdan — nəvaziş məqsədilə deyil, nəzarət və manipulyasiya aləti kimi istifadə edə bilərlər.
Araşdırmanın müəllifi, psixologiya professoru Riçard Mettson bildirib: "Bütün fiziki təmaslar xoş niyyətlə edilmir. Onlardan bəziləri öz maraqları üçün, partnyorun hesabına istifadə oluna bilər".
Alimlərin sözlərinə görə, bu cür “manipulyativ toxunuş” adətən cütlüklər arasındakı mübahisələr zamanı baş verir — tərəfdaş digərini qucaqlayır və ya ona toxunur ki, onu sakitləşdirsin, itaət etdirsin və ya müqavimətini azaltsın.
Tədqiqatda 500 tələbə iştirak edib. Onlar toxunuşlara münasibətlərini qiymətləndirib və “qaranlıq şəxsiyyət xüsusiyyətləri” ilə bağlı anketləri doldurublar. Nəticələr göstərib ki, psixopatik meylləri olan həm kişilər, həm də qadınlar münasibətlərdə güc balansını saxlamaq üçün fiziki təmasdan daha çox istifadə edirlər.
Kişilər, əsasən, qısqanclıq və ya itirmək qorxusu hiss etdikdə partnyorlarına daha çox toxunurlar, qadınlar isə nəzarəti gücləndirmək və təsirini artırmaq üçün bu üsula əl atırlar.
Araşdırma “Current Psychology” jurnalında dərc edilib və “qaranlıq triada” ilə romantik münasibətlərdə məcburi toxunuşlar arasında birbaşa əlaqə müəyyən edən ilk elmi iş olub.
Samir


