Yaddaş zəifliyinin əsas səbəbləri nələrdir?

MARAQLI
19:55 / 26.10.2025
56

Son zamanlar insanların yaddaş zəifləməsindən, unutqanlıqdan və diqqət dağınıqlığından şikayətləri artıb.

Yaddaş problemlərinin səbəbi kimi istifadə etdiyimiz qidalar, qida vərdişləri və artan sosial gərginliklər göstərilir.

Maraqlıdır, hazırda yaddaş probleminin əsas səbəbləri nədir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, informasiya bolluğu insanı daha ağıllı etmir, əksinə, bəzən düşünmə qabiliyyətini zəiflədir:

"Müasir insan daha çox komfort içindədir, amma bu komfort düşüncə rahatlığı deyil, zehni süstlük gətirir. Keçmişdə yaddaşı gücləndirən amillər məsuliyyət hissi, zehni əmək, canlı ünsiyyət və müşahidə vərdişləri idi. İndi isə bunlar zəifləyib. Belə bir mənzərə formalaşıb, hər kəsin əlində ağıllı telefon var, lakin ağıllı düşüncə yoxdur".

Psixoloq qeyd edib ki, müasir həyat tərzi yaddaş üçün əlverişli deyil:

"Sosial şəbəkələrdə fasiləsiz informasiya axını var, beyin isə hər saniyə yeni məlumatlarla yüklənir. Lakin bu məlumatların çoxu emal olunmadan unudulur. Beynin sakitliyə və susqunluğa ehtiyacı var. Biz isə bu boşluqları da telefon, sosial media və səslərlə doldururuq. Nəticədə beyinin bərpa mexanizmləri işləmir, diqqət və yaddaş zəifləyir". 

Onun sözlərinə görə, gündəlik rejimin pozulması, yuxusuzluq, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik və emosional gərginlik birlikdə beyinin fəaliyyətinə mənfi təsir göstərir:

"Keçmişdə insanlar daha çox düşünür, oxuyur, əzbərləyir, müzakirə aparırdılar. İndi isə hər şey bir toxunuş qədər asandır və bu, beyni tənbəlləşdirir. Beyin bir əzələ kimidir. İşlədikcə güclənir, tənbəlləşdikcə zəifləyir.

Yaddaşın güclənməsi üçün əsas addım diqqəti toplamaq və zehni intizamı bərpa etməkdir. İnsan dərin düşünməyə qayıtmalıdır. Oxumaq, yazmaq, yeni bacarıqlar öyrənmək, insanlarla canlı ünsiyyət qurmaq, idmanla məşğul olmaq və texnologiyadan fasilələrlə istifadə etmək beynin fəaliyyətini canlandırır".

0