Avropa Cənub Rəsədxanasının məlumatına görə, alimlər 1949–1957-ci illərdə "Palomar" rəsədxanası tərəfindən çəkilmiş arxiv səma fotolarını araşdırarkən qəfil parlayıb yoxa çıxan bir neçə sirli parlaq nöqtə aşkarlayıblar. Tədqiqat göstərib ki, bu qısaömürlü parıltıların – “tranzientlərin” – tarixləri həmin illərdə keçirilən nüvə sınaqları ilə təəccüblü dərəcədə üst-üstə düşür.
HİT.az xəbər verir ki, araşdırma "Scientific Reports" jurnalında dərc olunub.
Tranzientlər – bir şəkildə görünən, lakin növbəti kadrda artıq olmayan ulduzabənzər obyektlərdir. Onların təbiəti hələ də məlum deyil. Alimlər bu hadisələri meteorit hissəciklərinin parlaması, fotoplankların qalıqları və ya müasir elmdə “NLO” anlayışını əvəz edən “naməlum anomal hadisələr” (NAH) kimi izah edirlər.
İndiyə qədər NAH müşahidələri ilə nüvə partlayışları arasındakı əlaqə yalnız fərziyyələr səviyyəsindədir. Lakin bu dəfə alimlər bu asılılığı statistik cəhətdən təsdiqləyiblər. Yeni araşdırma sübut edib ki, parıltılar yerüstü nüvə sınaqları keçirilən günlərdə nəzərəçarpacaq dərəcədə daha çox baş verib.
Tədqiqatçılar ümumilikdə 2718 müşahidə gününü analiz edib, tranzientlərin tarixlərini sınaq cədvəlləri və anomal hadisələr barədə hesabatlarla müqayisə ediblər.
Nəticədə məlum olub ki, nüvə partlayışından sonrakı bir sutka ərzində tranzientin yaranma ehtimalı 45 faiz artıb. Bundan əlavə, bu parıltıların aktivliyi müşahidə olunan NAH sayına proporsional şəkildə yüksəlib – hər bir əlavə anomal hadisə barədə məlumat tranzientlərin ümumi tezliyini təxminən 8,5 faiz artırıb. Alimlər həmçinin qeyd ediblər ki, NAH barədə hesabatlar bir qədər çox hallarda məhz nüvə sınaqları dövrlərinə təsadüf edib.
“Əldə etdiyimiz nəticələr NAH fenomeninin mövcudluğuna və onun nüvə fəaliyyəti ilə mümkün əlaqəsinə dair empirik sübut təqdim edir, bu da şahid ifadələrinin hüdudlarından kənara çıxan məlumat bazası yaradır", deyə tədqiqat müəllifləri yazıblar.
Alimlər bildirirlər ki, sirr hələ açılmayıb, lakin onların nəticələri mümkün izah dairəsini xeyli daraldır və nüvə fəaliyyəti, astronomik tranzientlər və naməlum anomal hadisələr arasındakı əlaqəni öyrənmək üçün yeni istiqamətlər müəyyən edir.
Samir


