Toxunma hər zaman sevgi ifadəsi deyil. Psixologiya professoru Riçard Mettsonun apardığı araşdırma göstərib ki, narsisist və psixopat meyilli insanlar toxunmanı bəzən sahiblik hissini gücləndirmək və partnyorlarını məcbur etmək üçün istifadə edirlər.
Hit.az xəbər verir ki, bir çox insan üçün mübahisə zamanı tərəfdaşın çiynə toxunması və ya sarılması təsəlli vasitəsi kimi görünür. Lakin Nyu-Yorkdakı alimlərin yeni araşdırması göstərir ki, romantik münasibətlərdə fiziki təmas hər zaman xoş niyyətli olmur.
“Qaranlıq üçlük” adlandırılan – psixopatiya, narsisizm və makyavelizm – xüsusiyyətlərinə malik şəxslər toxunmadan manipulyasiya və nəzarət vasitəsi kimi yararlanırlar.
Binqamton Universitetinin psixologiya professoru və araşdırmanın müəllifi Riçard Mettson xəbərdarlıq edir: “Toxunmanın hər forması xoş niyyətli deyil. Hər sarılma zərərsiz deyil. Bəzən bunlar tərəfdaşın zərərinə, şəxsi maraqlar üçün istifadə olunur".
Onun sözlərinə görə, mübahisə zamanı partnyorun qolunuzdan tutması, çiyninizi sıxması və ya sizi qucaqlamağa çalışması – hakimiyyət və nəzarət qurmaq cəhdi ola bilər.
Qaranlıq üçlük və toxunmanın cinsiyyətə görə fərqli istifadəsi
Current Psychology jurnalında dərc edilən bu tədqiqat, “qaranlıq üçlük” xüsusiyyətlərinə malik şəxslərin toxunmanı məcburedici vasitə kimi istifadə etmə meylini araşdıran ilk elmi iş kimi təqdim olunur.
Tədqiqatçılar romantik münasibətdə olan 500 universitet tələbəsi arasında sorğu keçiriblər və həm kişilərin, həm də qadınların toxunmadan manipulyasiya vasitəsi kimi yararlandığını, lakin bu davranışın məqsədinin cinsiyyətə görə dəyişdiyini müəyyən ediblər.
Narahat kişilər: Münasibətləri barədə təşviş keçirən (tərk edilmək qorxusu yaşayan) kişilər partnyordan “təminat” almaq üçün daha çox “məcburedici təmas”dan istifadə edirdilər. Qısqanclıq kimi duyğular zamanı tərəfdaşla olan bağlarını xatırlatmaq üçün fiziki təmasa üstünlük verirdilər.
Qaranlıq üçlük xüsusiyyətli qadınlar: Bu xüsusiyyətlərə sahib qadınlar toxunulmaqdan narahat olsalar da, toxunmanı manipulyasiya vasitəsi kimi daha tez-tez tətbiq edirdilər. Onlar üçün fiziki təmas münasibətlərdə nəzarəti ələ almağın, yəni “şəxslərarası gücü artırmağın” bir üsulu idi.
Araşdırma göstərib ki, toxunma insanların sevgi ifadə etməsinin əsas formalarından biri olsa da, “hamı tərəfindən eyni cür qəbul edilmir və hər zaman xoş niyyətlə istifadə olunmur”. Yəni bir dostun qucaqlaması müsbət qarşılanarkən, bəzən bu jestlər vəziyyətə və insanın xarakterinə görə manipulyasiyaya çevrilə bilər.
Alimlər bildirirlər ki, bu nəticələr romantik münasibətlərdə toxunmanın necə dərk edildiyini və istifadə edildiyini anlamaqda şəxsi xüsusiyyətlərin və bağlanma tərzlərinin böyük rol oynadığını göstərir.
“Qaranlıq üçlük” meyllərinin münaqişələr və emosional gərginliklərlə əlaqəli olduğu bilindiyi üçün, zorlayıcı toxunma əlamətlərinə diqqət yetirmək münasibətin sağlamlığı baxımından vacibdir.
Samir
 

										
										
										
										
										
										
										
										
