Qeyri-müsəlman ölkəsində kəsilən heyvanın ətinin yeyilməsi hansı hallarda halal sayılır?

MARAQLI
20:56 / 07.11.2025
43

Hazırda bir sıra ölkələrdə ət idxal olunur. 

Diqqət çəkən məqam ondan ibarətdir ki, bu ölkələr müsəlman ölkələri deyil və buna görə də kəsim prosesinin İslam qaydalarına uyğun aparılıb-aparılmaması ilə bağlı suallar yaranır.

İslam dininə görə qeyri-müsəlman ölkəsində kəsilən heyvanın ətinin yeyilməsi hansı hallarda halal sayılır?

Dini baxımdan belə ətlərin bazara çıxarılması günah sayılırmı və məsuliyyət kimlərin üzərinə düşür?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, dinimizə görə əti halal olan heyvanların kəsilməsi zamanı bir sıra qaydalara riayət edilməlidir. Bu həm dini, həm də tibbi baxımdan zəruridir:

"Heyvanı tək Allaha inanan adam, yönü qibləyə, Allahın adı ilə kəsməlidir. Qeyri - müsəlman ölkəsindən heyvan, ət idxal etmək olar, lakin o ətin halal olması lazımdır. Əgər orada o heyvanlar İslam qaydalarına uyğun kəsilirsə, bu məqbuldur. Bu cür ətləri xarici ölkələrdən gətirənlər bu məsələlərə diqqət etməlidir. Dini qaydalara uyğun kəsilməyən ətin tərkibi də zərərli ola bilər. Çünki , qibləyə kəsilməyən heyvanın qanı tam axmır. Yaxud bəzi ölkələrdə heyvanı elektrik cərəyanı ilə öldürürlər yaxud Monqolustanda əvvəlcə başını kəsmək əvəzinə boğub ürəyini çıxarırlar. Bütün bu hallarda da ət murdar sayılır. Ölkəmizə qeyri - müsəlman ölkələrdən gətirilən ətlərin halallıq məsələsi təsdiqlənməlidir. Həmçinin, Qida Təhlükəsizliyi Agentliyi ətin tərkibi haqqında rəy verməlidir. Əks halda bu cür ətdən istifadə doğru olmaz. Lakin burada bir zərurət var. Qurana görə məcburiyyət qarşısında qaldıqda hətta leş və donuz əti də yemək olar. Sosial vəziyyətinin ağırlığı səbəbi ilə ölkədən yerli halal ət ala bilməyən ailələr çarəsiz qaldıqda Monqolustandan gətirilən haram ətdən də istifadə edə bilər. Lakin bu zərurət halında və başqa çarənin qalmadığını müddətə aiddir. Məlumata görə həmin ətlər yerli ətdən ucuzdur. Əgər tibbi cəhətdən zərərli deyilsə , satışında problem yoxdur. Çünki, müsəlman almasa belə digər dinlərin mənsubları yaxud inancsız kütlə alıb istifadə edə bilər. Əgər ailələr yerli halal ətlərdən almaq imkanına malik deyilsə, İslami qaydalara əməl olunmadan kəsilən ətdən alıb, istifadə edə bilərlər. Bu metoda İslam hüququnda, daha doğrusu üsili-fiqhdə hökmi-sanəvi deyilir. Yəni, bir hökmün zaman, məkan, zərurət və ehtiyaclara görə müvəqqəti , yaxud daimi qüvvədən düşməsi, dəyişməsi. Bu meyara görə eyni zamanda halal qida da müəyyən zamanda harama çevrilə bilər. Su halaldır, əgər ziyan verirsə artıq haramdır".

Sevinc

0