Hisslərin gücündən asılı olmayaraq, təhlükəsizlik və şəxsi sərhədlərin qorunması hər zaman prioritet olmalıdır.
Hit.az-ın məlumatına görə, amerikalı psixoloq Mark Trevers bildirib ki, bir insanın sizə gizlicə aludə olduğunu göstərən iki əsas əlamət var.
O, "Forbes" üçün yazdığı məqaləsində vurğulayıb ki, heyranlıqla aludəlik arasındakı fərq məhz sərhədlərdə özünü göstərir.
“Sağlam heyranlıq digərini müstəqil və fərdi şəxsiyyət kimi qəbul edir. Amma bu heyranlıq məcburi və nəzarətsiz formaya keçəndə vəziyyət artıq narahatlıq doğurur”, deyə Trevers qeyd edib.
Psixoloq belə vəziyyəti “limerensiya” adlandırır və 2015-ci ildə aparılan bir tədqiqatı xatırladır. Həmin araşdırmada bu halı yaşayan insanlara xas bir neçə xüsusiyyət müəyyən edilib:
*Təkrarlanan və israrlı düşüncələr;
*Qarşılıqlı hisslərdən asılı emosional dəyişikliklər;
*Asılılıq hallarına bənzər fizioloji reaksiyalar.
Trevers əlavə edib ki, bu vəziyyəti müəyyən etməyə kömək edən iki əsas əlamət elmi araşdırmalarla da təsdiqlənib.
1.Bu insan siz haqda “lazım olduğundan çox” bilir.
"Social Cognitive and Affective Neuroscience" jurnalında dərc olunan tədqiqat göstərib ki, ehtiraslı sevgi hissi yaşayan insanlar sevdikləri şəxslə bağlı məlumatları dostlar və ya neytral hadisələrə aid faktlardan daha yaxşı yadda saxlayırlar. Əgər kimsə sizin az dediyiniz detalları belə xatırlayırsa, bu, onun sizə qarşı həddən artıq diqqət və maraq göstərdiyinə işarədir. Bununla belə, diqqətli olmaqla şəxsi məxfiliyi pozmaq arasında fərq var. Əgər siz həmin məlumatları paylaşmamısınız, amma o insan bunlardan istifadə edirsə, bu, artıq sağlam olmayan aludəlik əlaməti ola bilər.
2.Bu insan sizin maraqlarınızı və davranışınızı təkrarlayır.
Romantik fiksasiyanın ən nəzərəçarpan əlamətlərindən biri odur ki, insan sanki sizin ətrafınızda “dönməyə” başlayır. O, sizin hobbilərinizə, zövqlərinizə, danışıq tərzinizə maraq göstərir, siz nə edirsinizsə, onu təkrarlamağa meyl edir. "Journal of Personality and Social Psychology" jurnalında bu hal “xameleon effekti” adlanır — yəni başqasının jestlərini, danışığını və davranışını şüuraltı şəkildə təkrarlamaq meyli. Bu, bəzən münasibətləri daha yaxın və ahəngdar edə bilər, lakin həddindən artıq təqlid edildikdə süni və narahatedici görünür. Əgər insan öz şəxsiyyətini itirəcək dərəcədə sizi təkrarlayırsa, bu, artıq sağlam sevgi deyil, asılılıq əlamətidir.
“Sağlam maraq fərdiliyə yer buraxır. Kimsə sizi tez-tez düşünə bilər, amma bu düşüncə sizi nəzarət obyektinə çevirməməlidir. Əgər belə davranış sərhədlərinizi pozur və sizdə narahatlıq yaradırsa, bu, aludəliyin artıq təhlükəli hal aldığını göstərir”, deyə psixoloq vurğulayıb.
Samir


