İlk dəfə başqa bir ulduzda plazma püskürməsi görüldü: Bu, həyat axtarışı üçün pis xəbərdir

MARAQLI
21:35 / 14.11.2025
43

Astronomlar ilk dəfə Günəşdən başqa bir ulduzda koronal kütlə atılması - yəni yüksək sürətlə hərəkət edən plazma püskürməsi - hadisəsini müşahidə ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Livescience.com" yazıb.

Portalın məlumatına görə, yeni tədqiqat çərçivəsində qeydə alınan bu güclü partlayış elə intensiv olub ki, yaxınlıqda yerləşən Yer tipli hər hansı planetin atmosferini məhv edə biləcək enerjiyə malik olub.

Kəşf Avropanın LOFAR adlı teleskop şəbəkəsinin məlumatları əsasında aparılıb. Bu sistem 2016-cı ildən bəri kainatda baş verən ən ekstremal və güclü hadisələri — məsələn, müəyyən zaman ərzində sabit radiosiqnallar yayan qara dəlikləri — müşahidə etmək üçün istifadə olunur.

Astronomlar müəyyən ediblər ki, 16 may 2016-cı il tarixində cəmi bir dəqiqə davam edən güclü partlayış baş verib. Bu partlayış bizdən 133 işıq ili uzaqlıqda yerləşən "StKM 1-1262" adlı qırmızı cırtdan ulduzdan qaynaqlanıb.

Bu püskürmə o qədər sıx və enerjili olub ki, yaxınlıqdakı planetlərin atmosferini tamamilə dağıda biləcək gücə malik idi. Atılan maddə saatda təxminən 5,4 milyon mil (saniyədə 2400 kilometr) sürətlə hərəkət edib. Bu, "Lockheed Martin F-16" döyüş təyyarəsinin sürətindən təxminən 3500 dəfə çoxdur və Günəşdə müşahidə olunan hər 2000 koronal kütlə atılmasından yalnız birində bu qədər yüksək sürət qeydə alınır.

Bu kəşf, Günəş sistemindən kənarda həyat üçün yararlı planetlərin axtarışına mühüm təsir göstərə bilər.

Qırmızı cırtdan ulduzlar — kütləsi Günəşin 10-50 faizinə bərabər olan ulduzlar — alimlər tərəfindən Yer ölçüsünə yaxın planetlərin yaranması üçün ən perspektivli namizədlər hesab edilirdi. Onlar həm daha çox yayılıb, həm də ətraflarında planetləri aşkar etmək daha asandır. Kiçik ölçüləri sayəsində bu ulduzların ətrafında planetlər onlara daha yaxın məsafədə formalaşır və bu da müşahidəni asanlaşdırır.

Lakin burada bir mühüm məqam var: planetin həyat üçün yararlı hesab olunması üçün o, ulduz ətrafında nə çox isti, nə də çox soyuq olmayan, maye suyun mövcudluğunu təmin edən “yaşama zonası”nda yerləşməlidir. Ancaq əgər həmin zonanın mərkəzindəki ulduz çox aktivdirsə və tez-tez güclü koronal püskürmələr baş verirsə, bu zaman hətta “Zlatovlaska zonası”nda sabit orbitdə dövr edən planet belə atmosferini qoruyub saxlaya bilməz və həyatın inkişafı üçün lazım olan şərait itir.

Samir

0