Alimlər müəyyən ediblər ki, şimpanzelər rəqiblərini öldürdükdə və yeni əraziləri ələ keçirdikdə onların çoxalma göstəriciləri kəskin şəkildə artır və balaları daha çox sağ qalır.
HİT.az xəbər verir ki, primatoloqlar 30 il ərzində müşahidələr aparıblar və şimpanzelər arasında niyə amansız qarşıdurmaların baş verdiyini anlamağa çalışıblar.
"Konfliktlərin əsas səbəbi adətən ərazi uğrunda mübarizədir. Qətllər adətən hücum edənlər rəqibdən sayca çox olduqda baş verir. Qətllərdə tez-tez 10–20 heyvan iştirak edir: əvvəlcə bir qonşunu seçir, onu təcrid edirlər, sonra isə hücum edirlər", deyə Miçiqan Universitetindən tədqiqatın həmmüəllifi, primatoloq Con Mitani izah edir
Hücumlar çox amansız olur: heyvanlar qurbanın üstünə hücum edir, onu öldürür – bəzən cəmi 12–14 dəqiqəyə - sonra isə yeyirlər.
1998–2008-ci illərdə Uqandanın Kibale Milli Parkında Ngogo qrupundakı şimpanzelər qonşu qruplardan 21 fərdi öldürərək ərazilərini təxminən 22% genişləndiriblər. Bundan sonra onlarda 37 bala doğulub, ələ keçirmədən əvvəl isə yalnız 15 bala var idi. Eyni zamanda uşaq ölüm göstəricisi 41%-dən 8%-ə düşüb.
"Nəticələrimiz ilk dəfə olaraq qruparası kollektiv qətllərin ərazi qazancları və çoxalma uğuru ilə birbaşa bağlı olduğunu göstərir", deyə Kaliforniya Universitetindən tədqiqat rəhbəri Brayan Vud izah edir.
"Yeni ərazilər daha çox qida təmin edirdi, dişilər daha yaxşı qidalanır, bu da onların daha çox bala doğmasına və böyütməsinə imkan verirdi", deyə Mitani əlavə edir.
Alimlər hesab edirlər ki, oxşar ərazi münaqişələri erkən insanlar üçün də rol oynamış ola bilər:
"Bu nəticələr bizə şimpanzelərin və bəlkə də bizim qədim əcdadlarımızın koordinasiyalı zorakılıq qabiliyyətini necə inkişaf etdirdiyini başa düşməyə kömək edir. Qida az olduqda, ərazi qazancları real üstünlüklər gətirir".
Samir


