Canlı orqanizmlər kosmosda yaşaya bilir: Alimlərdən yeni təcrübə

MARAQLI
14:14 / 24.11.2025
19

Kosmosun vakuumu canlı orqanizmlər üçün mümkün olan ən əlverişsiz mühit hesab olunur və orada sağ qalmaq qeyri-mümkün kimi görünür. Lakin "iScience" jurnalında dərc olunan yeni eksperiment bu fikri ciddi şəkildə sual altına alıb.

Hit.az xəbər verir ki, Yaponiyanın Xokkaydo Universitetindən Tomomiçi Fudzitanın rəhbərlik etdiyi elm adamları qrupu mamır sporlarını Beynəlxalq Kosmik Stansiyanın xarici hissəsində yerləşdirib. Sporlar orada bir neçə ay ərzində heç bir qorunma olmadan qalıb. 

Bu müddətdə onlar vakuuma, ultrabənövşəyi şüalanmaya və böyük temperatur dəyişikliklərinə — kəskin soyuqdan istiyə qədər — məruz qalıblar.

Buna baxmayaraq, sporların əksəriyyəti sağ qalıb. Təcrübənin nəticələrinə əsasən, nümunələrin 80 faizdən çoxu həyat qabiliyyətini saxlayıb və Yerə qaytarıldıqdan sonra yenidən cücərməyə başlayıb. Ən yaxşı nəticəni sporangium adlı təbii strukturlar tərəfindən qorunan sporlar göstərib, gənc açıq hissələr isə daha həssas olub. Alimlər ayrı-ayrı amillərin təsirini də yoxlayıblar: sporlar -196 dərəcə Selsidə bir neçə günə, +55 dərəcədə isə bir aya qədər dözümlülük göstərib.

Tədqiqatçılar qeyd edirlər ki, bu eksperiment Yer üzündəki iqlim və ekoloji vəziyyətin pisləşdiyi dövrdə mühüm məlumatlar verir və xüsusilə gələcəkdə Ay və ya Marsın kolonizasiyası zamanı dəyərli olacaq.

"Canlı orqanizmlərin həm yerüstü, həm də kosmik şəraitdə sağ qalma sərhədlərini öyrənmək onların uyğunlaşma qabiliyyətini daha yaxşı anlamağa, həmçinin ekosistemləri dəstəkləmək üçün qarşıda duran çağırışlara hazırlaşmağımıza kömək edəcək", deyə tədqiqatçılar bildirirlər.

Samir
 

0