İnsanlar ölüm anında niyə "tunelin sonunda işıq"ı görür? - Bunun elmi izah var

MARAQLI
17:45 / 28.11.2025
6

Kliniki ölüm keçirən çox sayda insan tunelin sonunda işıq gördüyünü təsvir edir.

HİT.az-ın məlumatına görə, "Mirror" yazır ki, bu kimi görüntülər üçün tamamilə məntiqli elmi izah mövcuddur.

İnsan ölüm həddində olanda bədənində bir sıra sürətli dəyişikliklər baş verir. Buraya həyati funksiyaların — xüsusilə ürək döyüntülərinin — azalması və bunun nəticəsində orqanizmə daxil olan oksigenin miqdarının düşməsi, habelə bədən temperaturunun enməsi daxildir. Lakin dəyişikliklər təkcə ətraflara və orqanlara deyil, beyinə də təsir edir.

Miçiqan Universitetinin bir araşdırmasında ölən insanların beynində nəzərəçarpan aktivlik sıçrayışı qeydə alınıb. Həyat dəstəkləyici cihazlardan ayrılmış dörd pasiyentin iştirak etdiyi araşdırmada bu pasiyentlərin ikisində ölüm anından bir qədər əvvəl beyin aktivliyinin gücləndiyi müşahidə olunub.

Bundan əlavə, bu aktivlik şüurlu düşüncə zamanı yaranan beyin dalğalarına bənzəyirdi. Tədqiqatçılar qeyd ediblər ki, iştirakçılardan birində bu dalğaların tezliyi üç yüz dəfə artıb.

Nəticədə, Miçi­qan Universitetindən professor Cimo Borcigin bunun ölüm anından əvvəl “gizli şüurun” oyanması ehtimalını göstərə biləcəyi barədə hipotez irəli sürüb.

Onun fikrincə, ölüm həddində olan bəzi insanlar “gördüklərini və ya eşitdiklərini, bədən xarici təcrübələr yaşadıqlarını və ya uçurmuş kimi hərəkət hissi keçirdiklərini” xatırlaya bilərlər.

“Ola bilsin ki, biz gizli şüura aid neyro­signaturaya aparan minimal anatomik mərhələləri müəyyən etmişik”, deyə o bildirir.

Əvvəlki laboratoriya araşdırmalarında professor Borcigin siçanlarda ölüm anından bir neçə an əvvəl beyində serotonin səviyyəsinin kəskin artdığını da qeydə almışdı. Psixi pozuntular zamanı yüksək miqdarda müşahidə olunan bu maddə halüsinasiyalara da səbəb ola bilər, lakin kimyəvi proseslər baxımından siçanların insanlar kimi hisslər yaşayıb-yaşamadığını müəyyənləşdirmək çətindir.

Missuri Ştat Tibb Assosiasiyasının jurnalında dərc olunmuş başqa bir araşdırma da beynin şüuru və onun ölümə yaxın təcrübələrə təsiri mövzusunu araşdırır. Lakin həmin işdə vurğulanır ki, beynin şüurla qarşılıqlı əlaqəsi və ölümə yaxın təcrübələrə necə təsir göstərdiyi barədə alimlərin hələ çox az bilgisi var.

Samir
 

0