Antarktidanı əhatə edən Cənub Okeanı qlobal istiləşmə ilə mübarizə aparan insanlıq üçün bir gün gözlənilməz təhlükə yarada bilər. Sənaye inqilabından bəri insanlar atmosferə böyük miqdarda istilik buraxıb və onun 90%-dən çoxu okeanlar tərəfindən udulub, lakin bu istilik gec-tez geri qayıdacaq.
Hit.az-ın məlumatına görə, “Live Science” yazır ki, alimlərin yeni araşdırmaları bu “istilik qaytarılmasının” kifayət qədər kəskin ola biləcəyini göstərir.
Elə bir ssenaridə ki, insanlıq istixana qazı emissiyalarını azaldır və istiləşməyə səbəb olan çirkləndiriciləri atmosferdən çıxararaq “təmiz mənfi balans”a keçid edir, qlobal temperatur enir. Lakin bütün okeanların udduğu istiliyin təxminən 80%-ni saxlayan Cənub okeanı yığılmış istiliyi geri buraxa bilər və bu, planetdə temperaturun indiki ilə eyni sürətlə artmasına gətirib çıxarar. Bu istilik “vulkanı” ən azı bir əsr davam edəcək.
Bununla yanaşı qeyd olunur ki, bu “istilik qaytarılmasını” dayandırmaq mümkün olmayacaq, çünki istiləşmə artıq toplanmış istilik nəticəsində baş verəcək. Eyni zamanda, belə qəfil “qaytarılma” qəti proqnoz sayılmır – bu, sadəcə planetin insan fəaliyyətinə necə reaksiya verə biləcəyini anlamağa kömək edən bir modeldir.
“Əsas sual odur ki, iqlim sistemi, xüsusilə də okean, CO2-ni atmosferdən çıxardığımız və qlobal miqyasda soyuducu effekt əldə etdiyimiz ssenarilərə necə reaksiya verəcək”, deyə Almaniyanın Kil şəhərindəki GEOMAR Helmholtz okean araşdırmaları mərkəzində doktorant olan Svenya Frey bildirib.
Alimlərin modelləşdirdiyi ssenaridə atmosferdə CO2 konsentrasiyası hər il 1% artır və sənaye inqilabına qədərki səviyyənin ikiqatına çatır. Daha sonra mənfi emissiya texnologiyaları karbon konsentrasiyasını ildə 0,1% azaldır və nəticədə atmosfer, quru və okeanlar soyumağa başlayır.
Lakin Cənub okeanında qeyri-adi proseslər baş verir. Onun səthi soyuyur, lakin eyni zamanda yeni dəniz buzunun yaranması səbəbindən daha duzlu olur. Səbəb odur ki, dəniz suyu donanda duzu ayırır və bu duz ətraf sularda həll olaraq səth qatını daha ağırlaşdırır.
“Eyni zamanda dərinliklərdə daha isti sular var. Bir müddətdən sonra su qatının sabitliyi pozulur və həmin vaxt dərin konveksiya baş verir”, deyə Frey izah edir.
Samir


