Amerikalı psixoloq Mark Trevers cütlüklərin möhkəm bağ qurmaq üçün inkişaf etdirə biləcəyi üç güclü tərəfi açıqlayıb.
Hit.az-ın məlumatına görə, o, "Forbes" üçün yazdığı məqalədə vurğulayıb ki, güclü və sabit münasibətlər yalnız bəxt, ideal uyğunluq və ya taleyin nəticəsi deyil – ən çox hallarda bu, müəyyən bacarıqların inkişafı və üzərində işləməyin nəticəsidir.
Treversin sözlərinə görə, bu, hər bir cütlüyün birlikdə yaşadığı müddətdə öyrənə biləcəyi praktikadır. O, münasibətləri gücləndirən bu üç mühüm bacarığı belə izah edir:
Empatik sevginin gücü: 2021-ci ildə "Personality and Social Psychology Bulletin" jurnalında dərc edilmiş araşdırma göstərib ki, insanlar partnyorunun həssas münasibətini hiss etdikdə, daha çox nəvaziş və yumşaq toxunuş göstərməyə meylli olurlar. Bu toxunuşlar isə partnyorun sizin həssaslığınızı daha güclü hiss etməsinə səbəb olur.
2023-cü ildə "Current Opinion in Psychology" jurnalında yayımlanan icmal çuynalığı “münasibətlərin ümumi valyutası” adlandırır. Məhz empatik yanaşma qayğının münasibəti möhkəmləndirib-möhkəmləndirməyəcəyini müəyyən edir.
Emosiyaların birgə tənzimlənməsi gücü: Hər partnyorun emosional vəziyyəti digərinə təsir edir. Araşdırmalar göstərir ki, məhz bu birgə emosional idarəetmə münasibətlərin sağlamlığında həlledici rol oynayır. 2025-ci ildə "Current Psychology" jurnalında dərc edilən araşdırma sübut edib ki, emosiyaları tənzimləməkdə çətinlik çəkən cütlüklər daha tez emosional tükənmə yaşayırlar – xüsusilə də uşaqlı ailələrdə. "Emotion" jurnalında yayımlanan 13 illik araşdırma isə əks təsiri göstərir: tərəflər münaqişə zamanı neqativ emosiyaları zəiflədə bildikdə, onların evlilik məmnuniyyəti xeyli yüksək olur.
Birlikdə pozitivlik və ortaq mənanın gücü: Bu, partnyorun səylərini görmək, qiymətləndirmək və “biz hekayəsi” yaratmaq bacarığıdır. Frontiers in Psychology jurnalında dərc olunmuş araşdırma göstərir ki, cütlüklər stresi birlikdə dəf etdikdə, münasibətlərin daha möhkəm olmasına səbəb olan məhz qarşılıqlı təşəkkür hissidir. Lakin pozitivlik təkbaşına kifayət etmir. Cütlüklərin ortaq baxışlara və eyni istiqamətə yönəlmiş həyat məqsədinə də ehtiyacı var. 2025-ci il araşdırması təsdiq edir ki, tərəflər arasında ortaq reallıq hissi nə qədər güclüdürsə, həyatda ümumi mənanın hissi bir o qədər güclü olur.
Samir


